Ac "dənizçilər"ə "əsir düşən" "Qarabağ"…

26 Oktyabr 2021 09:40 Səbail 463
Ac "dənizçilər"ə "əsir düşən" "Qarabağ"…

«Səbail» ipinin üstünə odun yığılması mümkün olmayan komandadır.

Nə vaxt nə edəcəyi, kimi udub, kimə uduzacağı öncədən bilinməz.

Hər cür sürprizə açıqdır. Müsbət və mənfi nəticələri ilə.

Bu, maliyyə dayaqlarının zəifliyindən irəli gəlir. Büdcəsinə görə Premyer Liqanın ən imkansız klubunun qeyri-sabit çıxışı təbii haldır. «Qəbələ»dən 5 cavabsız qol «yemələri» də adi qarşılanmalıdır, «Qarabağ»ı yenmələri də.

«Qarabağ» ölkə çempionatının yeganə mənsubudur ki, rəqiblər onunla oyuna rahat çıxır. Çün məğlubiyyət heç kimdə xof və narahatlıq yaratmır.

«Əşşi, «Qarabağ»a uduzmuşuq da…» fikri qəbul görüb və beyinlərə hakim kəsilib. «Qarabağ»a yenilmək təzyiq yaratmadığından, ikiqat motivasiya ilə «silahlanırlar».

«Səbail»nin dünənki qələbəsi sensasiya kimi qarşılanır, amma yaddan çıxarmayaq ki, bu komanda ötən mövsüm «Qarabağ»ı elə Bayılda iki dəfə büdrədib.

Həmin itirilən xallar sonda Ağdam klubunu ardıcıl 8-ci dəfə çempionluq titulunu qazanmaq fürsətindən məhrum etdi.

Sensasiya «Səbail»in dünənki oyun tərzi və mübarizə əzmidir. Aftandil Hacıyevin futbolçularına nə demişdisə, nə yeyib, nə içmişdilərsə, qonaqlar meydanda nə baş verdiyini anlamağa gec qaldı.

Demişəm və yenə deyirəm: «Səbail»i udmaq istəyən rəqib hesabı erkən açmalıdır. Asan qələbənin yeganə variantı budur.

O qolu vurmağa gec qalsan, dərdinin üstünə dərd gətirəcəklər. Nə yemisən, turşulu aş, gözlə indi, «tut, gəldi» mərhələsini başladacaqlar.

İxtiyarındakılar Hacıyevin taktiki tapşırıqlarını düzgün yerinə yetirdilər. İlk hissədə iki qol vurdular, ikisi də oyun epizodundan.

Bunun təsadüfi olmadığını fasilədən sonra da gözlər önünə sərdilər. Özəlliklə axır 20-25 dəqiqə ərzində.

O arada bir xeyli təhlükəli vəziyyət yaradıb, Turan Manafovun cərimə zərbəsindən vurduğu möhtəşəm qola növbəti dəfə fərqləndilər. Layiq olduqları da bu idi elə.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti