Milyonu olmayan komandanın baş məşqçisi kimdən mədət umur?

17 Oktyabr 2021 10:40 Səbail 650
Milyonu olmayan komandanın baş məşqçisi kimdən mədət umur?

Premyer Liqanı əhatə edən dağların başı üzərini alan topa-topa duman tədricən dağılışmaqdadır.

Səmanın aydınlaşması ilə məlum olur ki, ətrafda nə var, nə yox.

O da görünür ki, «Səbail» kimi klublar gəldi-gedərdir, qatqısız və rəngsizdir.

Mən komandanın oyunundan bəhs etmirəm. Burada hər şey çoxdan aydındır - Aftandil Hacıyev Allahın ümidinə qalıb.

Onu yalnız fələk xilas edə bilər, başqa heç kim. Futbolçularına da bir söz demirəm: küçədə qalmamaq üçün Bayıl yamacının ətəyinə yığışıblar.

Bir qarın çörək üçün bu kasıb klubun qapısından içəri daxil olublar, getməyə başqa yerləri yoxdur.

Nələri var, nələri yox, hərdənbir nümayiş etdirirlər, gizlətmirlər. O da buraqədərdir – ilk dövrədə artıq 5 məğlubiyyət alıblar. Əlbəttə, bu da son deyil, davamı gələcək, çox pis gələcək.

Geriyə yol qalmayıb, ən azı, qış fasiləsinədək turnir cədvəlinin son sıralarında sürünəcəklər. Alın yazısı deyil bu. Bu, çox-çox öncədən planlaşdırılmış, məqsədli bir «layihə»dir.

AFFA Hacıyevi durduğu yerdən uzaqlaşdırmağın hər yoluna baş vurub indiyədək. Şeytanın ağlına gəlməyən üsullardan da istifadə ediblər ki, bəlkə baş məşqçini tərpədə, öz «kukla»mızı ora əyləşdirə bildik.

2,5 il öncə Maykl Esyenə yüzminlərlə dollar bəxşiş edib, «Səbail»ə soxuşduran AĞILLI BAŞLAR indiki komandanın saxlanılmasına heç 1 milyon manat da ayırmayııblar.

Premyer Liqada çıxış edən kollektivin büdcəsi milyon manatdan qat-qat aşağıdır.

Hacıyevə «uğursuz adam» damğası vurmaqdan yanadır bu. İşi belə qurublar ki, məşqçidir də, ola bilsin, bir gün bezdi, əşyalarınıı topladı və getdi.

Hiss edirəm ki, o gün yaxındadır, AFFA-nın ikibaşlı arzusunun reallaşmasına az qalıb.

Hər tərəfdən küncə sııxışdırılan Hacıyev nə qoyub, nə axtarır? Ortalıqda qalan, AFFA-dan özünə qarşı ögey münasibət görən kluba hakimlər təpik də atar, başqa şeylər də edər.

«Səbail»in kimsəsizliyi Rauf Cabbarov kimi ədalətdən bixəbər ədalət təmsilçilərinin əlinə hər cür fürsət verir: imkan düşdükcə, xəncəri kürəyindən saplayırlar.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti