Klub rəhbərliyi baş məşqçini 6 dəfə göyə atıb-tutsun

3 Oktyabr 2021 10:40 Səbail 770
Klub rəhbərliyi baş məşqçini 6 dəfə göyə atıb-tutsun

«Səbail» Premyer Liqada mövsümü 8-ci pillədə bitirməmək uğrunda mübarizə aparacaq.

Ay avrokuboklara vəsiqə uğrunda mübarizə aparmaq, ay orta sııralardan birinə yiyələnmək, ay nə bilim nə…

Boş-boş xəyallardır, reallıığa yaxın belə, gəlmir!

Mövsümü altıncı pillədə başa vursalar, klub rəhbərliyi Aftandil Hacıyevi 6 dəfə göyə atıb-tutsun. Qoy indidən əhd edib, nəzir-niyaz paylasınlar. Ki, vaxtı çatanda, bəlkə arzuları həyata keçdi.

Bir komandanın müdafiə xəttində Adil Nağıyev çıxış edirsə, ona fələk də kömək əlini uzatmaz. Hacıyevin arxa xətti əmanət etdiyi digər oyunçular da bir dərdə dərman deyillər.

Taktiki cəhətdən savadsız və səbatsızdırlar. Onlar başdan-ayağa problemdirlər. Bir-iki tur da səhvləri sıralasalar, baş məşqçiləri psixoloqa müraciət etməli olacaq. Həm özü, həm də sərəncamındakılar üçün.

Səhv elə səhv olsa, o dəqiqə anlaşılar. «Səbail»in müdafiəçiləri hər həftə hoqqa və fason verir. Hacıyev «dur» deyə bilmir, çün ixtiyarında başqaları yoxdur.

Hücumçu sarıdan da bəxti gətirməyib. Rauf Əliyevə ümid edən çıraqsız qalar.

Nikolas Raysel? Hacıyev fransalı legioneri gələn dəfə qapıda da yoxlasa, təəccüblənmərik.

Hansı zonada bir boşluq olur, Rayseli ora pərçim edirlər. O, sırf hücumçu kimi öz işi barədə düşünsə, təsəlli yox, vacib qolu vurar.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti