Premyer Liqanın ən kasıb klubunun BÖYÜK ARZULARI

13 İyun 2021 14:20 Səbail 801
Premyer Liqanın ən kasıb klubunun BÖYÜK ARZULARI

“Səbail”in icraçı direktoru Fərəc Əliyev müsahibə verib.

Sportinfo.az xəbər verir ki, o, klubda çalışan həmkarımızla söhbətdə, hazırkı durumdan və gələcək planlardan danışıb.

– Ötən mövsümü və mövsüm ərzində “Səbail”in çıxışını necə dəyərləndirirsiniz?
– Ötən mövsüm bir çox hadisə ilə yadda qaldı. COVID-19 virusunun bütün dünyada sürətlə yayılması futbolda da problemlərə səbəb oldu. Bir müddət oyunlarımız təxirə salındı və ard-arda bir neçə oyun keçirmək məcburiyyətində qaldıq. Belə olması təbii ki, futbolçuları çox yordu. Qış fasiləsində təlim-məşq toplanışına gedə bilmədik. Bazada toplanış etdik. Hələ də davam edən pandemiya şəraiti bu baxımdan da çətinlik yaratdı. Ötən mövsüm “Səbail” hər oyun meydanda əzmkar mübarizə aparan komanda idi. Son dəqiqəyə qədər hər oyun belə keçdi. “Qarabağ” kimi güclü rəqibdən iki dəfə xal ala bildik. Hər uğur futbolçuların əzmi nəticəsində qazanıldı.

– Klubun gələcəyi ilə bağlı planlar nələrdir?
– Növbəti mövsüm 1-ci divizionda “Səbail-2” fəaliyyətini bərpa edəcək. Əsas məqsəd gənclərə daha çox üstünlük verməkdir. Birinci komandanın heyətini öz yetirmələrimiz ilə gücləndirmək istəyirik. Əsas komandada cəza alan və ya zədə alan oyunçular zədə sonrası orada bərpa oluna biləcəklər. “Səbail-2”nin məqsədi gənclərin orada praktika yığaraq növbəti mövsümlərdə əsas komandaya cəlb olunmalarına şərait yaratmaqdır.

– Aftandil Hacıyev ilə bağlanan yeni müqavilə barədə fikirləriniz nələrdir?
– Aftandil Hacıyev artıq üç mövsümdür ki, “Səbail”in baş məşqçisidir. Üç il ərzində komanda onun başçılığı ilə hər oyun əzmkar mübarizə aparır. “Səbail” ilk dəfə məhz onun rəhbərliyi ilə 2018/2019-cu ildə premyer liqasının bürünc medalın sahibi olub və avrokuboka vəsiqə qazanıb. Rəhbərlik olaraq baş məşqçiyə və komandaya inanır, növbəti mövsümdə onlara uğurlar arzulayırıq!

– Klubun növbəti mövsümdə çempionatda məqsədi nədir?
– Növbəti mövsümdə komandada yerli və gənc futbolçulara daha çox üstünlük verəcəyik. Çempionatda məqsədimiz komandanın hər oyun əzmkar mübarizə apararaq, turnir cədvəlində yuxarı pillələrə yüksəlməsidir.

Digər Xəbərlər
Xəbər Lenti