Siz də özünüzə gənc məşqçi deyirsiz?

5 May 2021 09:40 Səbail 687
Siz də özünüzə gənc məşqçi deyirsiz?

Çempionat sona yaxınlaşır.

Gedişat nə ilə yadda qalır? Əlahiddə heç nə ilə.

Yeganə yeni nəsil məşqçilərin öz aralarındakı rəqabəti önə çəkmək olar. "Səbail"lə "Qəbələ"nin qarşılaşması bu yöndə maraq doğururdu: Aftandil Hacıyev, yoxsa Elmar Baxşıyev?

Çempionatda heç bir iddiaları qalmayıb. Əvvəldən də belə idi. Elmar Baxşıyevin bu sarıdan imkanları daha üstün idi. "Qəbələ"nin şəraiti "Səbail"ə baxanda öndədir. Heyətlərə gəlincə, ikisinin də problemləri yetərincədir.

"Qəbələ" avrokuboklara vəsiqəyə ümidini itirəndən sonra özünə bənzəmir. Futbolçular çempionatın finişini yola verirlər. Hə, meydana çıxıb əvvəlki kimi oynamağa çalışırlar, amma o yanğı yoxdur.

"Qəbələ" turnir cədvəlində aşağı yuvarlanır. Beşinci yerə qayıtsalar, bu, "Qəbələ"nin klub kimi adına uyğun gəlməsə də, Elmar Baxşıyevə divident qazandıra bilər. Baş məşqçi buna çarə qılmalıdır.

"Səbail" daha acınacaqlı, qəpiyə güllə atan vəziyyətdədir.

Klub sabahına, onsuz da, ümidsizdir, uzaq perspektivi görünmür. Aftandil Hacıyev futbolçularla birgə özünü, məşqçiliyini, gələcəyini düşünməyə çalışır.

O, əlinin altında olanlara sabaha inamı aşılayır. Aydındır ki, Diviziona heç kim yuvarlanmayacaq. Buna rəğmən, sonuncu pilləni heç biri qəbul etmək istəmir.

Məşqçilərin duelindən bu dəfə Aftandil Hacıyev qalıb ayrıldı. Hər iki çalışdırıcı perspektivlidir. Elmar Baxşıyev gələcəkdə daha geniş taktiki gedişlər haqqında düşünməlidirsə, həmkarı təmkinli davranışı ilə futbolçuların potensialına güvənməyi təkmilləşdirməlidir.

Öz üzərlərində daha ciddi işləməlidirlər. İkisinin də komandasında fiziki, taktiki, psixoloji anlamda çatışmazlıqlar var.

Gənc məşqçi 29 yaşında "Tottenhem"i meydana çıxaran Rayan Meyson, 33 yaşında "Bavariya" ilə müqavilə bağlayan Yulian Naqelsmanndır.

Qəribə hal odur ki, həmkarlarımız məşqçilərə «gənc» deyib, kənardan həvəsləndirirlər, onlaar da buna uyub özləri özləri üçün «hələ cavanıq» söyləyirlər.
40 yaşında gənc olmur. Məşqçilərimizdən uzaq, necə deyərlər, 40-da öyrənən görunda çalar.

Nə isə, keçək əsas mətləbə.

Orta yaşlı yeni nəsil məşqçilərimiz öz aralarında rəqabətə girşiiblər. Müsbət haldır. Özlərini isbatlayanlar da var, ümidləri doğrultmayanlar da.

Əcnəbi mütəxəssislər yola salınıb, klubların hamısında yerlilər çalışır. Özü də hamısı yeni.

Bir Qurban Qurdanovdur, onu da artıq Ayxan Abbasov demiş, yeni sükan arxasına keçənlər ağsaqqal sayırlar. Baxmayaraq ki, Qurbanov əsri yarılamayıb hələ.

Vaxt var idi, Vaqif Sadıqov bu yaşda özünü gənc və perspektivli məşqçi sayırdı.

Görünən odur ki, bu mövsüm yeni nəsil məşqçilər yaşı 50-ni ötənləri, daha yaşlıları unutdurmaqdadırlar.

Günah təcrübəlilərin özlərindədir. Yığışıblar Məşqçilər Komitəsinə, AFFA-da futbolun inanılmaz sıçrayışından danışırlar özləri üçün.

Dediklərinə özlərindən başqa inanan da yoxdur. Arada vaxt tapıb təzə məşqçilərə yol göstərmək əvəzinə, arada onlara söz də atırlar.

Odur ki, özlərini gənc sayanlar tələsməlidilər. Yoxsa zaman gələcək, bəzilərinin yolu ağsaqqalların seçdikləri yol kimi olacaq. Beş manat pul, bir kəllə qəndə, federasiyayla izdivac, vəssalam, şüttamam.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"