"Hansısa quvvələr bizim milliyə çağrılmağımıza problem yaradır"

29 Dekabr 2020 13:00 Səbail 712
"Hansısa quvvələr bizim milliyə çağrılmağımıza problem yaradır"

"Səbail"in hücumçusu Rauf Əliyev Sportinfo.az-a müsahibə verib.

- "Keşlə" və "Qarabağ"la oyunlardakı uğurlu çıxışınızı "Qəbələ" ilə oyunda da davam etdirməyə nə mane oldu?

- Çempionatın əvvəlindən bəzi oyunlara yaxşı başlaya bilmirdik. Bu oyunda da həmin senari davam elədi. Gözlənilməz iki qol buraxdıq. İkinci hissə şanslarımız oldu, amma istifadə edə bilmədik. Bu da sonda məğlubiyyətə səbəb oldu.

- Qış fasiləsinə kimi 5 məğlubiyyətiniz var və bunlardan üçü ilk üç tura təsadüf edir. Mövsümə uğursuz başlamağınıza nə səbəb idi?

- Komandanın yeni olmağından irəli gəlirdi. "Səbail"in taleyilə bağlı məsələlər vardı. Son anda yığışmağımız xallar itirməyimizə səbəb oldu.

- Rauf, son zamanlar da "Səbail"də pul probleminin olmasından yenə danışılır. Qış fasiləsindən sonra bu səbəbdən oxşar uğursuzluq təkrarlana bilərmi?

- Yox. Belə deyim ki, bəli, "Səbail"də olduğum müddətdə gecikmələr olub. Bu hazırda bütün klublarda var. Amma əsas odur ki, maaşlarımızı ala bilirik. Heç vaxt meydana çıxanda maaş haqda düşünməmişik. Oyuna çıxıb, işimizi görmüşük.

- "Səbail" 13 xalla 6-cı yerdədir. Amma sonuncu yerlə xallarınız bərabərdir. Daha yaxşı yerlərdə olmağınıza nə mane olur?

- Yenidən heyətin formalaşması vaxt aldı. Komandamız sonradan özünə gəldi.

- Qış fasiləsindən sonra hazırkı yüksəlişi davam etdirmək çətin olmayacaq?

- Əksini fikirləşirəm. Çünki oyunumuza baxanlar da deyirdi ki, "Səbail" getdikcə oyununu tapır. Düşünürəm ki, qış fasiləsindəki toplanışdan sonra daha da yaxşı çıxış edəcəyik.

- Yaxşı çıxış etmək üçün heyətin gücləndirilməsinə ehtiyac var?

- Əlbəttə, heyət nə qədər güclü olsa, yaxşı nəticə qazanmaq daha rahat olar. İstəyərdik ki, imkan daxilində komandamız bir qədər də güclənsin. Yeni oyunçular gəlsin və gücümüzə güc qatsın.

- Bu mövsüm 4 dəfə fərqlənməyi bacarmısan. Öz çıxışını necə qiymətləndirirsən?

- Yox, bunu normal saymıram. Bundan daha yaxşı ola bilərdi. Əlbəttə ki, 4 qol azdı. Bəzi oyunlarda şansızlıqlar da oldu. Əlimdən gələni etmişəm və komandam üçün ən yaxşısını etməyə çalışıram. Qış fasiləsindən sonra dahan çox fərqlənmək üçün mübarizə apracam.

- Uzun müddətdir milli komandaya da çağrılmırsan. Səncə, bu qədər zəif çıxış edirsən?

- Çağırılmamağımda komanda söhbəti ola bilər. Bəlkə də fikirləşirlər ki, adı "Səbail"di də ... Bir də bizdə yaşları çoxdu deyə fikir formalaşıb. Kimlərinsə fikridir ki, 28-29 yaş artıq qoca sayılır. Hansısa quvvələr bizim də çağrılmağımıza problem yaradır. Millini cavanlaşdırırlar, amma cavanlaşma klubda olur. Digər ölkələrin millilərində də 33-34 yaşında hazır olan futbolçuları milliyə çağırırlar. Amma bunlara rəğmən milliyə kömək etməyə hər zaman hazıram.

- Deyəsən, çağırılacağına da ümid etmirsən ...

- 2 il əvvəl bombardir olanda belə dəvət gəlmədi. Artıq çox da bunun üzərinə getmirəm. Qəbullanmışam bu vəziyyətlə. Bir sözlə öyrəşmişik. Eyni vəziyyət davam edir. Görürsən nəticə olmur, yenə eyni hallar yaşanır. Artıq bunu özümə o qədər də problem etmirəm.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!