“O, Azərbaycan çempionatına gəlmiş ən yaxşı futbolçulardan biridir”

24 Dekabr 2020 19:00 Səbail 1 051
“O, Azərbaycan çempionatına gəlmiş ən yaxşı futbolçulardan biridir”

“Oyunun çətin keçəcəyini bilirdik. Hava şəraiti dinamik, total futbol göstərməyə mane olurdu”.

Sportinfo.az xəbər verir ki, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının XIII turunda “Səbail” üzərində 3:1 hesablı qələbə qazandıqları oyun barədə danışarkən deyib.

Baxşıyev təqvim sıxlığına görə heyətdə dəyişikliklər etdiyini bildirib: “Üç gündən bir oynadığımız üçün heyətdə rotasiya etmişdik. İnanırdıq ki, meydana çıxan futbolçular komanda yoldaşlarını layiqli əvəz edəcək və qələbə qazanacağıq.

Qələbəyə köklənmişdik. İstədiyimiz məzmunlu futbolu nümayiş etdirəcəyimiz halda qalib gələcəyimizə inanırdıq. Komanda verilən tapşırıqları yerinə yetirdi və layiqli qələbə qazandıq.

Mövsümün əvvəlində heyəti ən gec formalaşdıran komanda “Qəbələ” oldu. Hətta 3-4-cü turlarda da bizə qoşulanlar var idi.

Bizə vaxt lazım idi ki, xətlərarası əlaqələri quraq. Amma ilk turlarda da baxımlı, hücum futbolu oynayırdıq. Əsas tələbimiz də odur ki, hücuma tez çıxıb, ön xətdə keyfiyyətli olaq”.

Baş məşqçi daha yaxşı çıxış edəcəklərini söyləyib. O, xüsusən də, Ceyms Adeniyi barədə xoş fikirlər səsləndirib: “İnanıram ki, bu bizim maksimum gücümüz deyil.

Ceyms Adeniyinin səviyyəsi hamıya məlumdur. O, Azərbaycan çempionatına gəlmiş ən yaxşı futbolçulardan biridir. Ceyms geri dönəndə də onun səviyyəsinə bələd idik.

Lakin bir müddət futboldan kənarda qalmışdı ki, bu da təsirini göstərirdi. Ona inanırıq və komandamızda davam etməsinə şad olarıq”.

Digər Xəbərlər
Xəbər Lenti