"Çox qəribə komandadır, ya qalib gəlir, ya da uduzur"

21 Dekabr 2020 20:20 Səbail 788
"Çox qəribə komandadır, ya qalib gəlir, ya da uduzur"

Sportinfo.az “Səbail”in yarımmüdafiəçisi Əfran İsmayılovun müsahibəsini təqdim edir:

- Azərbaycan Premyer Liqasının XII turunda “Keşlə” üzərində 2:0 hesablı qələbə qazandınız. Oyuna yaxşı başlasanız da, ikinci hissədə bunun davamı gəlmədi. Fasilədən sonra hesabda öndə olmağınız sizi müdafiəyə çəkilməyə vadar etdi?
- Bilirdik ki, vacib oyundur. Turnir cədvəlində yüksək yerlərə qalxmaq üçün bu matçda qələbə çox önəmli idi. Qarşıdan da qış fasiləsi gəlir. İlin son iki turunu uğurlu nəticələrlə keçirib, fasiləyə yüksək motivasiyada yollanmaq istəyirdik. Dünənki görüşdə də qələbəni çox istəyirdik. Baş məşqçi tapşırığını verdi, futbolçular olaraq özümüz də bir araya gələrək qələbə sözü verdik. Oyuna yaxşı başladıq, ardıcıl qollar vurduq. “Keşlə”nin ikinci hissədə hücumu gücləndirəcəyi və hücuma atılacağı gözlənilən idi. Biz də düzgün müdafiə olunaraq, şanslarımızı gözlədik. Hətta yenə qol vura bilərdik. Əsas odur ki, qələbə qazanmağı bacardıq.

- Qələbəniz gözlənilən idisə, erkən qollar bir qədər sürpriz oldu. Oyuna belə uğurlu start nə ilə əlaqədar idi?
- Çünki matça çox ciddi hazırlaşmışdıq. Başa düşürdük ki, ilin son iki turunda 6 xal qazanmaq çox vacibdir. Əsasən “Keşlə” barədə fikirləşirdik. Demək olar ki, 6 xala bərabər oyun idi. Bəlkə də, biz daha ciddi hazırlaşmışdıq ki, bunun nəticəsində qalib gəldik.

- Koronavirus bütün komandalara mənfi təsir etdi. Bu xəstəlikdən sonra oynamaq, əvvəlki tempi bərpa etmək nə dərəcədə çətin idi?
- Koronavirus, həqiqətən də, bütün klublara təsir edir. Heç kim deyə bilməz ki, bizdə problem yoxdur. Xəstəlikdən sağalandan sonra oynamaq çox çətindir. İki həftə oynamırsan, məcbur dincəlirsən. Sonra qısa müddətdə formanı bərpa edib, oyuna çıxmalı olursan. Mən özüm 3-4 həftə əvvəl sağaldığım üçün çoxdan idi məşq edirdim. Bu səbəbdən elə çətinlik hiss etmədim. Amma ağırlıq hiss edən futbolçular var idi. Buna baxmayaraq, böyük əhəmiyyət kəsb edən oyun olduğu üçün bütünlüklə buna köklənmişdik. Özünü nə qədər qoruyursan-qoru, yenə də yoluxur. Dua edirəm ki, bu virus tezliklə yoxa çıxsın, Azərbaycanımızdan uzaqlaşsın.

- 18-ci dəqiqədə ikinci qolu vurmaqla qələbəyə töhfə verdiniz. Əvvəlki Əfran İsmayılovu görmək üçün nə qədər vaxt lazımdır?
- Əvvəlki Əfran İsmayılovun qayıtması üçün hələ çox tezdir. Hələ 70-80 faiz forma yığmışam. Əsas odur ki, dünən qol vurdum və bunun davamını gətirmək istəyirəm. Təcrübəmlə komandama əlimdən gələn qədər köməklik etməyə çalışacağam. Mənim qol vurmağımdan çox, komandanın qələbəsi əsasdır.

- Dekabrın 24-də XIII turda qarşılaşacağınız “Qəbələ” dünən 10 nəfərlə “Qarabağ”dan 1 xal aldı. Bu sizi çəkindirmir?
- Əlbəttə ki, çəkindirir. Bizi “Qəbələ”yə qarşı dünənkindən də ağır oyun gözləyir. “Qəbələ” elə komandadır ki, ya qalib gəlir, ya da uduzur. Gah əla çıxış edib qələbə qazanırlar, gah da yaxşı oyun göstərmir, uduzur. Çox qəribə komandadır. Açıq, sürətli futbol oynayır, bacarıqlı futbolçuları var, maraqlı və keyfiyyətli komandadır. Çox maraqlı mübarizə olacaq. Düzdür, hazırlaşmaq üçün vaxtımız azdır. Yaxşı istirahət etdikdən sonra oyuna tam köklənəcəyik. “Qəbələ” ilə oyunumuz çətin olur. Ümumiyyətlə, “Qəbələ”yə qarşı bütün rəqiblər çətinlik çəkir. Biz də zəif deyilik. Öz meydanımızda qələbə qazanmağa çalışacağıq.

- “Səbail”i ilk turdan çoxları autsayder qismində görür. Halbuki kifayət qədər təcrübəli və millidə oynamış oyunçularınız var. Rəqibləri və futbol ictimaiyyətini yanıldacağınıza inanırsınız?
- Bizi autsayder hesab etmələri bir tərəfdən yaxşıdır. Əsas odur ki, biz heç kimi fikirləşmirik. Öz oyunlarımıza köklənirik və turnir cədvəlində irəliləmək istəyirik. Maksimum nəyi bacarırıqsa, onu da sərgiləməyə çalışırıq. Düzdür, digər komandalarla müqayisədə həm maddi, həm də mənəvi cəhətdən çətindir. Ancaq digər amilləri bir kənara atmışıq, ancaq futbol barədə fikirləşirik (apasport.az).

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı