"Bunu heç bir məşqçi deyə bilməz"

3 İyun 13:12 Sabah 239
"Bunu heç bir məşqçi deyə bilməz"

Sportinfo.az "Sabah"ın xorvatiyalı baş məşqçisi Jelko Sopiçin müsahibəsini təqdim edir:

- Yenidən məşqləri bərpa etməyiniz münasibətilə sizi təbrik edirik. Futbol üçün darıxmamışdınız?

- Əlbəttə ki, darıxırdıq. İstər futbolçular, istər məşqçilər heyəti olsun, meydançada olmaq daha yaxşıdır.

- Müəyyən qaydalara riayət etmək lazım olduğunu nəzərə alsaq, bu məşq əvvəlkilərdən nə ilə fərqlənəcək?

- 75 gündən sonra məşqlərə başlamaqla yay aylarındakı fasilədən sonra hazırlığı bərpa etmək eyni deyil. Təbii ki, müəyyən fərqlər olacaq. Hökumətin müəyyənləşdirdiyi qaydalar var ki, onlara əməl etməliyik. Məsələn, paltardəyişmə otaqlarından, duşdan istifadə etməmək kimi məhdudiyyətlər var. Əlbəttə, bu, mənim üçün yeni bir şey deyil. Uşaq vaxtı futbol oynamışam. Bütün peşəkar oyunçular kimi bunlardan keçmişəm. Biz də bəzən duşdan istifadə etməmişik. Bunlara riayət edərək məşq prosesimizi davam etdirəcəyik.

- İyunun 21-də çempionat bərpa olunacaq. Klublara hazırlıq üçün verilən 3 həftəlik müddət əvvəlki formaya tədricən qayıtmaq üçün kifayət edəcəkmi?

- Əslində bəs etməyəcək. Belə olsaydı, yay fasiləsi zamanı hazırlıq üçün 45 gün vaxt verilməzdi. Amma bu, xüsusi haldır. UEFA-dan bildirilib ki, avqustun əvvəlinə kimi çempionatı bitirməliyik. Hazırkı şəraitdə 3-4 gündən bir oyun keçirəcəyik. Buna alışmalıyıq.

- Məcburi fasilə klubların hazırlıq prosesinə, oyunlarına fərqli təsir göstərə bilər. Biz bunu qış fasiləsinin timsalında da görmüşük. "Sabah"ın hazırkı mövqeyini nəzərə alaraq, gözləmək olarmı ki, komandanın oyununda bir sıçrayış olsun?

- Səmimi deyim ki, mən buna fasilə deməzdim. Bunu qış və ya yay fasiləsi ilə qarışdırmayaq. Çünki fasilə müddətində futbolçular evdə oturmurlar. Çıxırlar, hərəkət edirlər. Bu isə xüsusi haldır. Bunun bizim xeyirimizə və ya əleyhimizə olacağı haqqında bir söz deyə bilmərəm. Bunu heç bir məşqçi deyə bilməz. Hamı bu halla ilk dəfə qarşılaşır. Mən də daxil olmaqla, bütün məşqçilərin istədiyi bir şey var ki, bu da oyunçuların zədə almamasıdır.

- Hazırda bütün futbolçular komandanın düşərgəsindədir?

- Əlbəttə, hamısı buradadır. Pandemiya başlayanda klubumuz bildirdi ki, bütün futbolçular ölkədə qalmalıdır. Onlar da bu cür etdilər. Çünki Azərbaycana qayıtdıqdan sonra onlar təcrid dövrü keçməli idilər. Hamımız çempionatın bərpasına görə məmnunuq. İyunun 21-də ilk oyunumuzdur. İnanıram ki, hər şey istədiyimiz kimi olacaq (report).

Xəbər Lenti