“Qəbələ” rəhbərliyi ilə Kaxaber Sxadadze arasında anlaşma əldə olunub.
2024-cü ilin martından burada çalışan gürcüstanlı müqaviləyə qarşılıqlı xitam verməyə razılaşıb.
Kontraktı 2027-ci ilin yayında bitəcək baş məşqçiyə 4 aylıq kompensasiya ödəniləcək.
Dünən klubda təcili iclas keçirilib. Tərəflər komandanın Premyer Liqanın ilk 3 turundakı pis nəticələri və göstərdiyi bərbad oyunu geniş müzakirə edib.
Rəsmilər bu vəziyyətdən narazılığını bildirib.
Əcnəbi mütəxəssis son anda qərarından daşınmasa, onun vəzifəsindən ayrılması ilə bağlı rəsmi açıqlamanın bu gün verilməsi gözlənilir.
“Qəbələ”ni isə müvəqqəti olaraq Asif Məmmədov məşqə çıxaracaq.
Yeri gəlmişkən, məlumunuz olsun ki, «Qəbələ»nin prezidenti Fariz Nəcəfov şok addım atıb.
Belə ki, o, Premyer Liqanın üçüncü turunda «Şamaxı» ilə evdə qolsuz heç-heçə edən komandanın paltardəyişmə otağına daxil olub.
Əsəbindən özünə yer tapa bilməyən başqan maketi yerə çırpıb.
Əsəbi soyumayan rəhbər su qablarını təpikləyib. Həmçinin kollektiv üzvləri ilə çox sərt formada danışıb.
Nəcəfov çempionatın ilk üç həftəsində qol vura və qələbə qazana bilməyən futbolçulara bunun bağışlanmaz hal olduğunu bildirib, mütləq surətdə tədbirlər görəcəyini açıqlayıb.
Prezident deyib ki, «Qəbələ»ni bu vəziyyətdə görmək istəmir və günahkarları tapıb üzə çıxaracaq.
«Belə gedə bilməz» ifadəsini işlədən klubun birinci şəxsi qeyd edib ki, o, bundan sonrakı oyunlarda yalnız qalibiyyət gözləyir.
«Qəbələ»də hər kəsi heyrət içində boğan isə Fariz Nəcəfovun bu qədər özündən çıxmasıdır. O, çox nadir hallarda komanda ilə görüşər, nəsə söz deyir.
Adətən, sakitliyini qoruyar, hər hadisəyə reaksiya verməz.
Bu isə ilk belə hadisədir. Görün, Kaxaber Sxadadzenin yarıtmaz fəaliyyəti onu necə çilədən çıxarıbsa, səbri basmağı çıxış yolu saymayıb.
SPORTİNFO.AZ
