Zaman "Sabah"a məlhəm olacaqmı?

24 Avqust 2021 11:40 Sabah 645
Zaman "Sabah"a məlhəm olacaqmı?

Dünən Azərbaycan Premyer Liqasında ikinci tur başa çatdı.

İlk turda gözlənilmədən "Səbail"ə məğlub olan "Sabah" 3 xal üçün bu dəfə Sumqayıta yollanmışdı.

Oyun başlar-başlamaz hücuma atılan qonaqlar ilk real qol epizodunu da yaratmağı bacardılar. Xuan Kamaranın əla ötürməsindən sonra Şakir Seyidovun zərbəsi qapı tirindən geri qayıtdı.

Vurğulamaq yerinə düşər ki, Kamara bu görüş komandasının ən yaxşılarından idi. Şakir Seyidovun zərbəsindən sonra uzun müddət Ramin Quliyevin yetirmələri meydan sahiblərinin qapısına yaxın gələ bilmədi.

"Sumqayıt"lı futbolçular isə öz vaxtını gözləyirmiş kimi meydanda səbrli davranış nümayiş etdirirdilər. Və o məqam 32-ci dəqiqədə yetişdi. Sürətli əks-hücuma çıxan komanda 3 ötürmə ilə məqsədinə çatdı.

Coşqun Diniyevin təhlükəli mövqedə itirdiyi topu ələ keçirən Vüqar Mustafayevin boş zonaya göndərdiyi ötürməsinə Rəhim Sadıxov çatar-çatmaz heç kimin gözləmədiyi qərarı verərək 1 toxunuşla Əli Qurbanini qapıçı ilə üzbəüzə yolladı. Millimizin forvardı şansını qaçırmayaraq hesabı açdı.

Qola kimi də "Sumqayıt"ın bir neçə real qol epizodu olmuşdu. Tellur Mütəllimov 10-cu dəqiqədə yaxşı fürsəti boş verdisə, 19-cu dəqiqədə Xaçayevin zərbəsi dirəkdən geri qayıtdı. Buraxılan qoldan sonra "Sabah"ın oyun sistemi daha da dağıldı. Fasiləyə kimi komanda bərabərlik yolunda heç bir təhlükə yarada bilmədi.

İkinci hissə başlayan kimi "Sumqayıt" fərqi artıra bilərdi. "Sabah"ın yeni transferi Periçiçin kobud səhvindən sonra Xaçayevin zərbəsinə Səlahət Ağayev əla reaksiya verərək komandasını qoldan xilas etdi.

Bir neçə gün əvvəl komandaya qoşulan xorvatiyalı müdafiəçi görüş ərzində çox inamsız təsir bağışladı. Bir neçə epizod da ciddi səhvləri ilə yadda qaldı.

Qonaqların növbəti təhlükəli hücumu 53-cü dəqiqədə gerçəkləşdi. Yenə baş rolda Kamara idi. Məhz ispaniyalı yarımmüdafiəçi fərdi keyfiyyəti hesabına rəqibini aldadaraq qapıya zərbə vurdu. Top az fərqlə qapının üstündən keçdi.

78-ci dəqiqədə "Sabah"ın bərabərlik ümidləri də puç oldu. Belə ki, sağ cinahda topu ələ keçirən Tellur Mütəllimov bir rəqibini keçərək Rəhimə ötürmə etdi. 10 nömrənin ideal ötürməsini əla ram edən Mütəllimov eyni gözəlliklə də qapıdan keçirdi.

Bir qədər sonra fərq üçə də çata bilərdi. Meydan sahiblərinin heyətində ən yaxşılardan olan gənc Rüfət Abdullazadənin uzaq məsafədən vurduğu zərbəni Səlahət Ağayev böyük çətinliklə kənara çıxara bildi. Hətta top tirə dəyərək meydandan çıxdı.

Oyunda son təhlükəli epizod "Sumqayıt"ın qapısında yaşandı. "Sabah"ın heyətində ən yaxşı oyun keçirən ispaniyalı Xuan Kamara bu dəfə cərimə zərbəsindən öz məharətini göstərməyə çalışdı.

Amma Aydın Bayramov vurulan əla zərbəyə möhtəşəm reaksiya verərək qola imkan vermədi. Az sonra hakimin final fiti ilə "Sumqayıt"ın ardıcıl ikinci qələbəsi də rəsmiləşmiş oldu.

Ardıcıl ikinci məğlubiyyətlə "Sabah"ın vəziyyət daha da gərginləşdi. İlk iki turda bir qol belə vura bilməyən Ramin Quliyev yetirmələri sıfır xalla sonuncu pillədə qərar tutur.

Gənc mütəxəssis isə "Sumqayıt"la oyundan sonra "zamana ehtiyac var" deyib. Qarşıdan milli komandaların oyunları ilə bağlı 3 həftəlik fasilə gəlir.

Səhvləri düzəltməyə, yenidən toparlanmağa bundan yaxşı zaman? Ümid edək ki, Ramin Quliyevin istədiyi, bizlərin isə gözlədiyi "Sabah"ı fasilədən sonra görə biləcəyik.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti