"Xan Lənkəran"dan Divizionla bağlı YENİ AÇIQLAMA

5 May 2022 10:40 Region Liqası 1 721
"Xan Lənkəran"dan Divizionla bağlı YENİ AÇIQLAMA

«Divizionda çıxış etmək ümidimiz hələ də var».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Xan Lənkəran»ın mətbuat xidmətinin rəhbəri Famil Məmmədov deyib.

Region Liqasında debüt ilini keçirən cənub təmsilçisi AFFA-nın məlum qərarı ilə razılaşmaq fikrində deyil. «Mingəçevir», «Araz-Naxçıvan» və «İmişli»nin olduğu siyahıdan kənarda qalan «ağ-yaşıllar» narazılığını rəsmi formada elan edib.

«Xan Lənkəran»ın yaradıcıları AFFA-nın qərarından ölkə rəhbərliyinə şikayət məktubu göndərib, I Divizionda mübarizə aparmaqlarına köməklik göstərilməsini xahiş eləyib.

F.Məmmədov indi gözləmə mövqeyində olduqlarını bildirib:

«Etdiyimiz müraciətlərə hələ cavab gəlməyib. Biz birinci gündən elan etmişik ki, klubu yaratmaqda məqsədimiz futbolun inkişafına dəstək olmaqdır.

AFFA İcraiyyə Komitəsinin qərarı bizim üçün gözlənilməz oldu. Düzdür, AFFA əvvəldən açıqlayıb ki, Region Liqasında 3 mövsüm keçirən komanda sonradan Divizionda çıxış edə bilər.

«Xan Lənkəran» isə bir ilin içində bir neçə ilə bəs edəcək qədər iş görüb. Demək olar bütün yaş qrupları üzrə komandalar yaratmışıq. Maliyyə təminatımız qaydasındadır. Qış hazırlığını Antalyada keçmişik.

AFFA rəsmiləri həmişə deyirdi ki, lənkəranlılar futbola böyük maraq göstərir, hər dəfə stadionda anşlaq yaradırlar.

Özləri deyirdi ki, biz bütün bunları nəzərə alıb, «Xan Lənkəran»ı istisna kimi vaxtından qabaq Diviziona buraxa bilərik. İstəyirik ki, dedikləri sözü yerinə yetirsinlər. Amma hələ heç bir xəbər yoxdur».

Digər Xəbərlər
Xəbər Lenti