"İstədik ki, "Qəbələ"yə yeni nəfəs gətirək" FOTOREPORTAJ

23 Fevral 2020 09:00 Qəbələ 573
"İstədik ki, "Qəbələ"yə yeni nəfəs gətirək" FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında XVIII tura start verilib. Turun ilk matçı Qəbələ şəhər stadionunda keçirilib.

“Neftçi”ni qəbul edən “Qəbələ” mövsümün ikinci yarısında 2-ci dəfə doğma azarkeşlər önünə çıxıb. “Qırmızı-qaralar”ın çalışdırıcısı Elmar Baxşıyev ötən turla müqayisədə start heyətində 6 dəyişiklik edib.

Tərlan Əhmədli, Murad Musayev, Ülvi İsgəndərov, Sadiq Quliyev, Ehtiram Şahverdiyev və İdris İnqilablı ilk dəqiqələrdən heyətdə yer alıb. Cəzalı Anar Nəzirovla Fernan Lopez, həmçinin Yusif Nəbiyev, Merab Qiqauri, , Nikolas Raysel və Rövlan Muradov “11-lik”dən kənarda qalıb.

Görüşə qonaqlar daha fəal başlayıb. Paytaxt təmsilçisinin start təzyiqi iki erkən qolla nəticələnib. Öncə Anton Krivotsyuk, ardınca Baqali Dabo fərqlənib.

Buraxılan qollardan sonra fəallaşan “qırmızı-qaralar” hücumlar qurmağa çalışsa da, rəqib qapısı önündə qol vəziyyəti yaratmaqda çətinlik çəkib. Düzdür, Qismət Alıyevin cərimə zərbəsindən ötürməsi zamanı Sadiq Quliyev başla çərçivəni nişan almağa çalışıb.

Az sonra isə Ülvi İsgəndərov qapıçı ilə təkbətək çıxmağa yaxın olub. Ehtiram Şahverdiyevlə Klesio Baukun nisbi fəallığı da diqqət çəkib.

İkinci hissəyə “Qəbələ” daha fəal başlaya bilib. Amin Seydiyevin baş zərbəsi yaddaqalan olsa da, rəqib qapıçı tutub. Fasilədən sonra ardıcıl hücumlar təşkil edən komandamız fərqi azaltmaq imkanları əldə edib. Lakin hücumları dəqiq zərbə ilə tamamlaya bilməyib.

Ülvi İsgəndərov və Klesio Bauk fərqlənməyə yaxın olub. Hissənin ikinci yarısından başlayaraq oyun qarşılıqlı hücumlarla keçib. Matçın gedişində Rodriqo Qattas və Yaovi Akakpo meydana çıxaraq “Qəbələ”də debütü gerçəkləşdirib.

Lakin əvəzetmələr hesabda dəyişiklik üçün yetərli olmayıb. Sonda Rövlan Muradovun yaxın məsafədən zərbəsində az dəqiqlik çatmayıb. Beləliklə, komandamız ev matçından 0:2 hesablı məğlubiyyətlə ayrılıb.

“Qırmızı-qaralar”ın çalışdırıcısı Elmar Baxşıyev: “Neftçi” heyətinə görə çempionatın ən güclü kollektivlərindən biridir. Komandamdan razı qaldım.

Sonadək mübarizə apardıq. Uduzmağımıza baxmayaraq, əzmkarlıq məni qane etdi. Əvvəlki üç oyunda məğlub olmuşduq. Həmin matçlarda komanda şəklində zəif oynamışdıq.

Heyətdəki dəyişikliklərlə istədik ki, yeni nəfəs gətirək. Rəqibin gücünü də nəzərə almaq lazımdır. Səviyyə baxımından bizdən üstün futbolçulara malik komanda ilə oynadıq. Bu matça qədər oyunlarımıza baxsanız, müsbət cəhətlər çoxdur. Sadəcə müdafiə planında axsamalar var”.

Baxşıyev qış fasiləsində heyətdə baş verən dəyişikliklərə də toxunub: “Hər oyunçu faydalı idi. Oturuşmuş heyətimiz var idi. Onların getməsi də mənfi təsir göstərdi.

Yeni gələnlərdən Nikolas Raysel zədələndiyi üçün bu gün oynamadı. Abdelrafik Jerar bir müddət oynamadığı üçün oyun praktikası toplamalıdır. Onun qarşıdakı turlardan sonra formaya qayıtması gözlənilir. Bunları bilirdik, toplanışda görürdük.

Yeni futbolçular bizə gec qoşulduğu üçün optimal oyunumuzu hələ tapa bilmirik. Yarımmüdafiənin mərkəzində də axsayırdıq. “Neftçi” isə burada güclü futbolçulara malikdir.

Ona görə müdafiə planını etibarlı etmək üçün İdris İnqilablı və Sadiq Quliyevə üstünlük verdik. Azərbaycan futbolu mütəmadi şans qazansa İdrisin simasında yaxşı futbolçu qazanacaq”.

“Qəbələ” – “Neftçi” – 0:2

22 fevral 2020. Saat 15:00. Qəbələ şəhər stadionu, 400 tamaşaçı

Baş hakim: Əliyar Ağayev

Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Akif Əmirəli

Dördüncü hakim: Namiq Bəkirov

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Sarı vərəqələr: İdris İnqilablı, 6 (qeyri-idman hərəkəti); Sadiq Quliyev, 86 (qeyri-idman hərəkəti); Rövlan Muradov, 90+2 (qeyri-idman hərəkəti) // Baqali Dabo, 80 (qeyri-idman hərəkəti)

Qollar: Anton Krivotsyuk, 8; Baqali Dabo, 14

Artırılan vaxt: I hissədə yoxdur; II hissədə 4 dəq.

“Qəbələ”

94. Tərlan Əhmədli

8. Qismət Alıyev (k)

28. Murad Musayev

14. Ülvi İsgəndərov

(17. Yaovi Akakpo, 83)

4. Sadiq Quliyev

9. Ehtiram Şahverdiyev

(19. Rövlan Muradov, 67)

3. İviça Zuniç

10. Klesio Bauk

12. Abdelrafik Jerar

(22. Rodriqo Qattas, 76)

2. Amin Seydiyev

55. İdris İnqilablı

Ehtiyat oyunçular:

33. Müşfiq Nadirov

11. Asif Məmmədov

5. Rasim Ramaldanov

74. Yusif Nəbiyev

7. Roman Hüseynov

77. Merab Qiqauri

32. Nikolas Raysel

Baş məşqçi: Azər Bağırov

“Neftçi”

30. Aqil Məmmədov

7. Namiq Ələsgərov

(22. Mirabdulla Abbasov, 82)

8. Emin Mahmudov (k)

9. Baqali Dabo

3. Mamadu Mbodj

36. Mamadu Kane

6. Voyislav Stankoviç

28. Stiven Monroz

(10. Dario Frederiko, 46)

88. Saman Nərimancahan

(93. Soni Mustivar, 65)

5. Anton Krivotsyuk

26. Ömər Buludov

Ehtiyat oyunçular:

1. Səlahət Ağayev

12. Kamran İbrahimov

17. Rəhman Hacıyev

33. Turan Vəlizadə

80. İsmayıl Zülfüqarlı

40. Vüqar Həsənov

Baş məşqçi: Füzuli Məmmədov

Digər Xəbərlər
Xəbər Lenti