"Qəbələ" "Xəzər Lənkəran"ın taleyini yaşamaz, əksinə, onlar geri dönər" - MÜSAHİBƏ

7 Noyabr 2019 12:34 Qəbələ 836
"Qəbələ" "Xəzər Lənkəran"ın taleyini yaşamaz, əksinə, onlar geri dönər" - MÜSAHİBƏ

"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Sportinfo.az-a müsahibə verib:

- “Sabah”la görüşdə komandanız meydanı məğlub tərk etdi. Halbuki fasiləyə üstün yollanmışdınız. Nəyə görə komanda hesabdakı üstünlüyü qoruya bilmədi?
- "Sabah”la görüşdə komandam məzmunlu oyun göstərdi və çox sayda qol epizodları yaratdı. Sadəcə, ustalıq səviyyəsi və bəxt həmin gün komandan üz döndərmişdi.

- Oyun zamanı bir neçə mübahisəli qərar oldu. Hakim idarəçiliyindən razı qaldınızmı?
- Oyunda iki epizod var idi ki, 11 metrlik cərimə zərbəsi də aydın görünürdü. Hakimlərin işinə qiymət verən komitə var. Yəqin ki, baxıb nəticə çıxaracaqlar.

- Sizcə, hazırda “Qəbələ”nin ən böyük problemi nədir?
- Oyun planında heç bir problem gömürəm. Oyundan-oyuna komanda daha ağıllı oynayır, verilən tapşırıqları düzgün yerinə yetirməyə başlayıb. Cavan kollektivimiz var, zamana ehtiyac duyuruq.

- İbrahim Niasse hələ tam hazır deyil? Qarşıdakı turda onu meydanda görə biləcəyik?
- Niasse xeyli müddət məşqsiz qalıb. Hazırda məşqlərdə öz üzərində səylə çalışır. Qarşıdakı oyunlarda Niasseni heyətdə görə biləcəyik.

- Növbəti turda rəqibiniz “Səbail”dir. Necə düşünürsüz, son turlar yaxşı durumda olmayan “Səbail”dən xal almağınız mümkündür?
- "Səbail” avrokuboklarda oynamış komandadır. Heyətində təcrübəli futbolçuları var, öz oyun dəst-xəttilə seçilir. Bizi çətin oyun gözləyir, komandanı çətin qarşılaşmaya hazırlaşdırırıq.

- "Qəbələ”nin taleyi necə olacaq? Qışda transferlər üçün büdcə nəzərdə tutulub, yoxsa komanda qışdan sonra fəaliyyətini dayandırmaq təhlükəsi də var?
- Klubun taleyi məni bir futbol adamı kimi daha çox narahat edir, nəinki məşqçi kimi. Çünki qısa müddətdə bu qədər uğur qazanmış, tanınmış klub haqda hətta belə mövzunun müzakirəsi belə arzuolunmazdır. Qışda transferlərin olub-olmayacağını heç düşünməmişəm. Hazırkı futbolçularımın layiqli şəkildə mübarizəni davam etdirəcəyinə inanıram. Düşünmürəm ki, göstərdiyimiz oyunla sonuncu pillədə olmalıyıq. Çıxışımızı bu şəkildə davam etdirsək, yuxarı pillələrə qalxacağıq.

- "Xəzər Lənkəran” da vaxtilə bu cür çıxışdan sonra fəaliyyətini dayandırmışdı. Son pillədədə qərarlaşdıqdan sonra çempionatdan çəkilmişdilər. Hazırda rəqibləriniz turnir cədvəlində sizdən uzaqlaşır. “Xəzər Lənkəran”ın taleyini yaşamaq təhlükəsi realdır?
- Çempionatda biz və yaxud da başqa komanda sonuncu pilləni tutacaq. Biz komandanın dağılmaması üçün yox, klubun inkişafı üçün sonuncu pilləni tutmamağa çalışacağıq. Ümumiyyətlə, sonuncu pilləni tutan komandanın dağılma ehtimalı haqda fikirlərin səslənməsi də xoş tendensiya deyil. İstənilən halda hər kəs klubların yaşaması üçün üzərinə düşəni və daha artığını etməlidir. “Xəzər Lənkəran”a gəlincə, ümid edirəm ki, “Qəbələ” onların yanına getməz, əksinə onlar geri dönər.

Mirbağır CƏFƏRLİ

Digər Xəbərlər
Xəbər Lenti