"İstefa" qışqıranlar həyatda mövqeyi olmayan insanlardır" - FOTOLAR

10 May 2022 09:20 Qəbələ 764
"İstefa" qışqıranlar həyatda mövqeyi olmayan insanlardır" - FOTOLAR

Azərbaycan Premyer Liqasında XXVI tur başa çatıb.

Sportinfo.az xəbər verir ki, turun son oyunu Qəbələdə keçirilib.

“Qırmızı-qaralar” öz meydanında “Neftçi”ni qəbul edib. Baş məşqçi Elmar Baxşıyev ötən turla müqayisədə start “11-liy”ində heç bir dəyişikliyə ehtiyac duymayıb.

Görüşə fəal başlayan “Qəbələ” üstünlüyə yiyələnib. Hissənin ortalarından etibarən komandamız daha çox hücum edib.

Rəqib qapısı önündə bir neçə təhlükəli epizod yaradan “qırmızı-qaralar” fasiləyədək hesabı aça bilməyib. Fernan Lopes, Rafael Utziq, Omar Hani və hissənin sonlarında Asif Məmmədovun zərbələri yaddaqalan, lakin qeyri-dəqiq olub.

İkinci hissəyə də “Qəbələ” daha aktiv başlayıb. İsnik Alimi hesabı açmağa yaxın olsa da, istənilən kimi zərbə endirə bilməyib.

Təzyiqi artıran komanda ardıcıl epizodlar yaratsa da, Rafael Utziq, Fernan Lopes və Emil Səfərovun zərbələri uğursuz alınıb. Ardıcıl hücumlar 74-cü dəqiqədə bəhrəsini verib.

Rafael Utziqə qarşı qayda pozuntusuna görə təyin olunan penalti zərbəsini İsnik Alimi dəqiq yerinə yetirib. Hesab açıldıqdan sonra Rafael də fərqlənməyə yaxın olub.

Görüşün sonluğu qarşılıqlı hücumlarla keçsə də, “qırmızı-qaralar” həm ərazi üstünlüyünü, həm də qələbə hesabını qoruya bilib. Beləliklə, “Qəbələ” 1:0 hesablı qələbə ilə xal aktivini 41-ə çatdırıb.

"İnamlı çıxış etdik. İlk dəqiqələrdən nəzarəti ələ aldıq. Bu cür təzyiq gözləyirdik. Çünki rəqibə xal lazım idi. Hər şey gözlədiyimiz kimi başladı. Rəqibi qələbə münasibətilə təbrik edirəm" - bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov deyib.

O bildirib ki, matçın gedişində "İstefa" şüarları səsləndirənlər həyatda mövqeyi olmayan insanlardır: "Onlar ötən mövsüm yanımızda fırlanırdılar. Məni buraya azarkeş gətirməyib. Klub nə qərar versə, o da olacaq. Azarkeş heç nəyi həll etməyəcək. Boş verin, getsin".

44 yaşlı mütəxəssis ilk dəfə oyuna təzyiqiz başladıqlarını söyləyib: "İtirəcəyimiz bir şey yox idi. Rəqibi təbrik edirəm. Deyiləsi çox söz yoxdur. Bəlkə də əvvəlcədən turnir cədvəlindəki mövqeyimizi bilməyimiz arxayınlıq yarada bilər. "Qəbələ"nin təzyiq edəcəyini gözləyirdik. Təxminlərimiz düz çıxdı. Bu da səhvlərimizdən qaynaqlanırdı. Tədricən təşəbbüsü ələ aldıq. Təəssüf ki, qol epizodları yarada bilmədik. Artıq ikinci yeri təmin etmişik. Buna görə futbolçuları, onların ailələrini təbrik etdim".

Abasov Mamadu Mbocun aqressiv hərəkətinin səbəbini də açıqlayıb: "Bu, əvəzetmə ilə bağlı deyildi. Onu yaxşı tanıyıram. Sadəcə, buraxdığımız qola əsəbiləşdi. Yenə də onu sakitləşdirməyə çalışdıq. Futbolçularımız artıq "Qarabağ"ın çempionluğu ilə razılaşmışdı. Bilirdik ki, fərqi aradan qaldıra bilməyəcəyik. Bunu bilə-bilə futbolçuların sonadək oynaması təqdirəlayiqdir. Daha da aşağı düşə bilərdik. Ab-havanı qoruyub-saxlamaqda bizim də rolumuz var. Amma futbolçuların xidməti danılmazdır".

Baş məşqçinin spzlərinə görə, azarkeşlərin "İstefa qışqırmaları anormallıqdır: "Birincisi, çempionluq hədəfi mövsümün əvvəlində qarşıya qoyulur və hamı buna uyğun hərəkət edir. Bu gün sənin əsas rəqibinin heyətində 300-400 minlik oyunçular varsa, illərlə qurulmuş komandaya qarşı mübarizə aparırsansa, təbii ki, çətin olacaq. Vicdanımla deyirəm ki, layiq olduğumuz yeri tutduq. "İstefa" şüarları səsləndirənlər Qəbələyə sırf bununla bağlı gəlmişdilər. "Qarabağ" fanatları da bununla bağlı bizimlə məzələnirsə, tək komanda deyil, ümumilikdə "Neftçi" düzəlməlidir".

Abasov "Neftçi"yə gələndə fanatların təzyiqi barədə düşünmədiyini vurğulayıb: "Yeni gələndə azarkeşlərlə futbolçular arasında münasibət o qədər pozulmuşdu ki, hətta fanatları salamlamağa belə getmirdilər. Aranı düzəldən insan mənəm. Amma görürəm ki, özləri də parçalanmış şəkildədirlər. Bir yerə vurmaq istəmirlər. Təzyiqdən qorxacağıqsa, inkişaf etməyəcəyik. Hər şey baş məşqçinin üzərindədirsə, deməli, futbolun zayı çıxıb".

Mütəxəssis fanatların stadiona sırf nəticə üçün gəldiklərini deyib: "Mən isə buna normal yanaşa bilmərəm. Yenə deyirəm, bu, anormallıqdır. Gerçəklik, haqq-ədalət hardadır? O vaxt yanıma gələn azarkeşlər demişdi ki, biz bilirik, komanda çempion ola bilməyəcək, çünki "Qarabağ" güclüdür, əsas odur, ürəklə oynayın. Və həmin mövsüm biz çempion olduq. Bunu edən insan mənəm. "Neftçi" mövsümü ikinci sırada bitirdi. Bundan artıq nə edə bilərdik? Məni bugünkü komandaya və nəticəyə görə günahlandırırlar. Biz, məsələn, "Sabah"dan 5 addım qabaqdayıqmı"?

Abasov indiyədək azarkeşlərin baş məşqçini, hətta klub rəhbərliyini dəyişdiyini görmədiyini bildirib: "İkinci yeri təmin etmişik, vəssalam. Bu gün bir oyundan yapışmaq lazım deyil. Ötən mövsüm çempion olanda niyə belə demirdilər? Büdcəyə cavabdeh insan mən deyiləm. Amma məni büdcə ayrılmamasına, "Qarabağ"a çatmamağımıza görə də günahlandırırlar. Üçüncü yeri tutsaydıq belə, mənim üçün pis nəticə olmayacaqdı. Hamımız asan yolu tutmuşuq. "Qarabağ"ın illərlə çempion olmağı məni narahat edir. Amma bu, mənim gücümü aşırsa, nə isə edə, Ağdam klubu ilə təkbaşına mübarizə apara bilmərəm. Mən kiməm ki, bu cür komanda yaradım, belə büdcə ayırım".

“Qəbələ” – “Neftçi” 1:0

Qəbələ şəhər stadionu, 1100 tamaşaçı

Baş hakim: Fərid Hacıyev

Baş hakimin köməkçiləri: Müslüm Əliyev, Eyyub İbrahimov

Dördüncü hakim: Rauf Allahverdiyev

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Eldəniz Musayev

Sarı vərəqələr: Asif Məmmədov, 30 (qeyri-idman hərəkəti); Kamal Mirzəyev, 75 (qeyri-idman hərəkəti); Murad Musayev, 90+2 (qeyri-idman hərəkəti) // Tiaqo Bezerra, 73 (hakimin qərarına etiraz)

Qol: İsnik Alimi, 74 (p.)

Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 4 dəq.

“Qəbələ”

94. Nicat Mehbalıyev

11. Asif Məmmədov (k)

28. Murad Musayev

27. Məqsəd İsayev

34. Urfan Abbasov

23. Rafael Utziq

5. İsnik Alimi

4. Ruan Renato

10. Omar Hani

(14. Ülvi İsgəndərov, 64)

9. Fernan Lopes

(8. Stefan Vukçeviç, 78)

77. Emil Səfərov

(19. Rövlan Muradov, 88)

Ehtiyat oyunçular:

1. Kristof Atanqana

36. Elməddin Sultanov

7. Ehtiram Şahverdiyev

6. Kamal Mirzəyev

24. Patrik Robson

44. Salman Ələsgərov

12. Rüfət Əhmədov

33. Hüseyn Mürsəlov

Baş məşqçi: Elmar Baxşıyev

“Neftçi”

1. İvan Brkiç

26. Ömər Buludov

8. Emin Mahmudov (k)

(73. Ramin Nəsirli, 86)

19. Azər Salahlı

3. Mamadu Mbodj

(91. Ramon Maçado, 76)

6. Voyislav Stankoviç

24. Yusuf Laval

10. Sezar Meza Kolli

(7. Azər Əliyev, 64)

9. Tiaqo Bezerra

21. İsmayıl Zülfüqarlı

27. Fərid Yusifli

Ehtiyat oyunçular:

12. Kamran İbrahimov

93. Rza Cəfərov

97. Xəyal Nəcəfov

77. Gilyerme Pato

82. Rüfət Abbasov

Baş məşqçi: Samir Abasov

Digər Xəbərlər
Xəbər Lenti