Azərbaycan komandası barədə kifayət qədər məlumatı var

09:25 Milli komanda 96
Azərbaycan komandası barədə kifayət qədər məlumatı var

Litva millisi bu gün UEFA Millətlər Liqasında ikinci oyununu keçirəcək.

Sportinfo.az xəbər verir ki, Edqaras Yankauskasın rəhbərlik etdiyi komanda Kaunas şəhərindəki Dariaus və Gireno stadionunda Azərbaycan millisini qəbul edəcək.

Bu gün litvalılar Dariaus və Girėno stadionunda məşq keçiriblər. Məşqdən əvvəl isə millinin baş məşqçisi Edqaras Yankauskas rəsmi mətbuat konfransında fikirlərini bölüşüb:

“Demək olar ki, Lixtenşteynlə oyunda futbolçularımız çox böyük resurs sərf etmədilər və tələb olunan nəticəni əldə etdilər. Onların bir qismi şüuraltı olaraq artıq sabahkı görüş haqqında düşünə bilərdi ki, bu da tamamilə məntiqlidir.

Əsas məsələ futbolçuların meydanda razılaşmalarımıza necə əməl etməsi, konsentrasiyası və diqqətini cəmləməsi idi. Kənardan hər şey asan görünə bilərdi, amma əslində belə deyil.

Yaxşı məqamları sabahkı oyuna da daşımalıyıq. Əlbəttə, daha böyük güc və sürət tələb olunacaq. Çünki Azərbaycan millisi əvvəlki rəqibimizdən daha güclü və texniki komandadır.

Onların beynəlxalq təcrübəyə malik, Çempionlar Liqasında çıxış edən futbolçuları var. Buna görə də daha yüksək səviyyəli rəqiblə qarşılaşacağıq”, – deyə E. Yankauskas bildirib.

Baş məşqçi heyətdə dəyişikliklərin də olacağını qeyd edib. Belə dəyişikliklərdən biri zədə səbəbindən bu toplanışda daha oynaya bilməyəcək Piyus Şirvüslə bağlıdır:

“Düşünürəm ki, həqiqətən də yaxşı heyətimiz və güclü ehtiyat oyunçular skamyamız var. Heyətdə dəyişikliklər olacaq, lakin bu, mütləq rəqibin gücü ilə əlaqəli deyil.

Buna müxtəlif hallar və amillər təsir edir: futbolçuların fiziki vəziyyəti, zədələrdən sonra keçən müddət, klublarında əldə etdikləri oyun praktikası. Buna görə də bütün oyun ərzində intensivliyi qorumaq üçün ən yaxşı balansı tapmağa çalışacağıq.

Əvəzetmədən sonra meydana çıxacaq futbolçular da çox vacib olacaq. Sevindiricidir ki, əvvəlki oyun bunu göstərdi. Ehtiyatdan meydana çıxan futbolçular aktiv idilər və oyunun keyfiyyəti aşağı düşmədi.

Yəqin ki, müasir futbolun bütün komandalarında belə bir razılaşma var ki, topu ələ keçirdikdən sonra mümkün qədər tez hücuma keçmək lazımdır. Çünki həmin anda rəqibin müdafiəsi təşkilatlanmış vəziyyətdə olmur. Ən yüksək səviyyəli komandalar məhz bununla fərqlənirlər – onlar bunu çox sürətlə, cəmi bir və ya iki toxunuşla həyata keçirə bilirlər.

Özümüz də künc zərbəsindən sonra rəqibin qapımıza əks-hücum təşkil etdiyini görmüşük. Buna görə də hücum edərkən həmişə müdafiə haqqında da düşünmək lazımdır. Biz bunu uğurla həyata keçirmişik və yəqin ki, rəqib də buna görə həmin məqamı qeyd edib.

Bilirik ki, onlar bəzi güclü tərəflərimizdən xəbərdardırlar. Buna görə də həmin üstünlüklərimizdən daha yaxşı istifadə etməyə çalışacağıq”, – deyə baş məşqçi bildirib.

Litva və Azərbaycan futbolunu birləşdirən məqamlardan biri də sonuncu ölkədə Bakı “Sabah”ı ilə tarix yazan litvalı baş məşqçi Valdas Dambrauskasdır. E. Yankauskas bildirib ki, qarşılaşmadan əvvəl həmyerlisi ilə danışmayıb, lakin gələcəkdə bunun mümkün olduğunu istisna etməyib:

“Onun rəhbərlik etdiyi komanda ilə əldə etdiyi tarixi uğura görə həqiqətən çox sevinirik və ona bundan sonra da səmimi qəlbdən uğurlar arzulayırıq.

Azərbaycanda olduğumuz zaman düşünürəm ki, mütləq görüşmək, fikirlərimizi və ya məsləhətlərimizi bölüşmək üçün vaxt tapacağıq. Lakin hazırda öz topladığımız biliklərə və əvvəlcədən hazırladığımız informasiyaya əsaslanırıq. Kifayət qədər məlumatımız var və oyuna hazırıq”, – deyə E. Yankauskas vurğulayıb.

Komandalar bir həftə sonra Bakıda cavab qarşılaşmasında üz-üzə gələcəklər. Lakin E. Yankauskas hazırda ikinci oyun barədə heç düşünmədiyini bildirib:

“Bir neçə gün ərzində komandanı müxtəlif ssenarilər üçün hazırlamaq mümkün deyil. Biz hər oyuna ən vacib qarşılaşma kimi yanaşırıq. Bundan sonra nələrin baş verəcəyinə isə daha sonra baxacağıq.

Buna görə də hazırda bütün diqqətimizi bazar günü keçiriləcək və bizim üçün prioritet olan oyuna yönəltmişik”, – deyə o sözlərini yekunlaşdırıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!