“Heç bir prinsipiallıq yox idi” – Məqsədin “Qəbələ”dəki məqsədi

22 Sentyabr 2021 22:20 Qəbələ 478
“Heç bir prinsipiallıq yox idi” – Məqsədin “Qəbələ”dəki məqsədi

“Səbail” çempionata yaxşı başlamışdı. Bizimlə oyuna qədər 3 oyunda 2 qələbə qazanmışdılar. Ona görə də bu rəqiblə matça yaxşı hazırlaşmışdıq. Bizi asan mübarizənin gözləməyəcəyini bilirdik. Şükürlər olsun, qalib gəlməyi bacardıq”.

Mövsümlərarası fasilə dönəmində “Səbail”i “Qəbələ”yə dəyişən Məqsəd İsayev Sportinfo.az-a açıqlamasında bölgə təmsilçisinin “dənizçilər” üzərində 5:0 hesablı qələbəsini şərh edərkən deyib.

Ötən mövsüm “Səbail”in uğurları üçün tər tökən Məqsəd üçün bu oyunun xüsusi əhəmiyyəti olubmu? Adətən, bu cür hallarda futbolçular sabiq komandalarına qarşı ikiqat əzmlə mübarizə aparır. İsayev başqa cür düşünür: “Xeyr, heç bir prinsipiallıq yox idi. Mənim üçün adi oyunlardan biri idi. Digər rəqiblərə qarşı necə oynamışamsa, “Səbail”ə qarşı da o cür”.

4 turdan sonra topladığı 10 xalla çempionata liderlik edən “Qəbələ” üçün əsas mərhələ bundan sonra başlayır. Həftəsonu “Sumqayıt”ın qonağı olacaq “qırmızı-qaralar”, ardınca “Qarabağ” və “Zirə” ilə qarşılaşacaq. Və bu matçlarda “Qəbələ”nin imza atacağı nəticələr komandanın nə dərəcədə sabit və təzyiqədavamlılığını göstərəcək. Həmsöhbətimiz olan Məqsəd də eyni fikirdədir: “Çatışmayan cəhətlərimiz çoxdur. Məşqçilər heyəti hər oyundan sonra nöqsanlarımızı bildirir, biz də onları aradan qaldırmaq üzərində çalışırıq. Deməyim odur ki, qətiyyən rahatlaşmaq olmaz. Hələ heç nə etməmişik. Qarşıdakı 3 oyuna hədsiz ciddi yanaşmalıyıq. Çünki nəyə qadir olduğumuzu göstərmək anıdır. Komanda olaraq əl-ələ verib, bu imtahandan üzüağ çıxmaq istəyirik. Məqsədə çatmaq üçün sona qədər vuruşmalıyıq. Vacib olan komandada inam və mübarizə əzminin olmasıdır ki, o da bizdə var”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!