"Sevilya"nın qələbə seriyası bəlkə də "Qarabağ"la oyunda qırıldı" - Xayme Romero

10 Noyabr 2019 21:45 Qarabağ 541
"Sevilya"nın qələbə seriyası bəlkə də "Qarabağ"la oyunda qırıldı" - Xayme Romero

"Qarabağ"ın futbolçusu Xayme Romero Premyer Liqanın 11-ci turu çərçivəsində "Zirə"yə qarşı keçirilən görüşdən sonra Sportinfo.az-ın əməkdaşının suallarını cavablandırıb:

- Görüşlə bağlı düşüncələrin necədir? 1:1 hesabı gözlənilməz oldu?
- Çətin oyun alındı. Rəqib bizi bir az çətinə sala bildi. Amma nəticəni ədalətli hesab etmək olar. Artıq növbəti oyunlara köklənməliyik.

- Qələbə qazansaydınız ən yaxın izləyinizlə xal fərqini bir az da artırmış olacaqdınız. Bunu etməyinizə nə mane oldu?
- "Zirə" bizi yaxşı analiz etmişdi. Onlar bizim onlara haradan zərbə endirəcəyimizi, çətinlik yaradacağımızı bilirdilər. Bütün boşluqları da bağlamışdılar. Ona görə çətinlik oldu.

- Ola bilər ki, Premyer Liqadakı rəqabətsizlik sizi arxayınlaşdırıb?
- Xeyr, bu fikirlə razı deyiləm. Hər oyuna qələbə üçün çıxırıq. Çünki qələbə qazananda əhval-ruhiyyə də yaxşı olur. Sadəcə "Zirə” müdafiədə yaxşı oynadı, bizi yaxşı analiz etmişdilər.

- "Qarabağ"dakı karyerana yaxşı start götürmüşdün. Amma son vaxtlar tez-tez zədələnirsən. Bunu nə ilə əlaqələndirirsən?
- Zədələr futbolun bir hissəsidir. Onlarsız olmur. Bəzən rəqib arxadan zərbə vurur, yıxılanda çiynin çıxır. Bunlara nəzarət etmək çox çətindir. Bu cür zədələrdən sonra əvvəlki formanı bərpa etmək zaman alır.

- Üç gün əvvəl APOEL-lə taleyüklü oyuna çıxmışdınız. Oyunun böyük hissəsində hesabda öndə olsanız da, sonda meydanı məğlub tərk etdiniz. Niyə uduzdunuz?
- Vacib oyun olduğunu dərk edirdik. Əslində bu cür oyunlarda qalib gəlməyi hamıdan çox biz istəyirik. Uduzanda da əziyyəti biz çəkirik. Sadəcə standart vəziyyətdən iki qol buraxdıq və uduzduq. Vəziyyət göz qabağındadır. Bu cür olmasını istəməzdik.

- Qrupdakı növbəti oyununuz "Sevilya"ya qarşıdır. İspaniyadakı oyundan hansı nəticəni gözləyirsiniz?
- Təbii ki, qələbə qazanmaq haqda düşünürəm. Avropa Liqasında yolumuza davam etmək istəyiriksə, İspaniyada qalib gəlməliyik.

- Amma unutmayaq ki, cari mövsüm Avropa Liqasının qrup mərhələsində bütün oyunları qalib başa vuran yeganə komanda "Sevilya"dır. "Qarabağ"ın taleyi öz əlindədir, yoxsa rəqiblərin?
- "Sevilya"nın ardıcıl dörd oyunda qalib gəlməsi o demək deyil ki, onlar qalib gəlməyə davam edəcək. Nə vaxtsa "Sevilya"nın da qələbə seriyası qırılacaq. Bəlkə də bu elə "Qarabağ" oyunda baş verdi. Biz Sevilyaya qələbə üçün gedəcəyik.

Elvin ƏHƏD

Digər Xəbərlər
Xəbər Lenti