COP29

“Qarabağ”ın uğurlarının altında gizlənən təhlükə

29 Fevral 20:00 Qarabağ 1 918
“Qarabağ”ın uğurlarının altında gizlənən təhlükə

Kim nə deyir desin, mənə görə “Qarabağ”ın son 2-3 ildə yeni səviyyəyə yüksəlməsinin kökündə həm də komandada legionerlərin çoxluğu və əvvəlki illərlə müqayisədə komandaya daha çox fayda verməsi dayanır.

“Köhlən atlar” Avropada adından söz etdirməyə başlayanda, yəni 2009-cu ilin yayında “Rusenburq” səddini keçəndə heyətdə cəmi bir legioner vardı – Admir Teli. Yəni komanda pley-offa qədər məhz yerlilərin bacarığı hesabına irəliləmişdi.

Növbəti illərdə heyətdə əcnəbilərin sayı artmışdı. Makedoniya, Albaniya, Gürcüstan, Braziliya, Bosniya, Konqodan olan futbolçuların hesabına bir neçə dəfə qrup mərhələsinin qapısı döyülsə də, açmaq mümkün olmamışdı.

2014-ci ilin yayında komandadakı əcnəbilərin sayı artıq 11 idi. Buna baxmayaraq, əsas heyətin yarısını Azərbaycan millisinin şərəfini qoruyanlar təşkil edirdi. Həmin il “Qarabağ” tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla intizara son qoydu.

Və bu plan uzun illər davam etdi. “Qarabağ”ın “11-liy”inin yarısı milli üzvlərində qurulmuşdu: Şahruddin Məhəmmədəliyev, Maksim Medvedev, Bədavi Hüseynov, Qara Qarayev, Mahir Emreli, Riçard Almeyda, Filip Ozobiç.

“Köhlıən atlar” 2014-2021-ci illər aralığında çox çalışsa da, obyektiv və subyektiv səbəblərdən qrupdan çıxa bilmədi. Rəşad Sadıqov karyerasını başa vurmuş, Maksim, Bədavi, Riçard yaşa dolmuşdu. Nəhayət, 2021-22 mövsümündə ölkə futbol ictimaiyyətinə bu sevinci yaşamaq nəsib oldu. Lakin ardıcıl 2 il pley-off mərhələsini adlamaq mümkün olmadı.

Ötən il “Qarabağ”da inqilab yaşandı. Azərbaycan millisinin üzvləri kütləvi şəkildə komandadan ayrıldı. Daha öncə Mahir Emreli getmişdisə, yayda Musa Qurbanlı ilə Ramil Şeydayev legioner həyatı yaşamağa qərar verdi.

Az şans qazanan Qara Qarayevlə Filip Ozobiç “Neftçi”də peyda oldu. Ardınca Şahruddin Məhəmmədəliyev də Türkiyəyə üz tutdu ki, kollektivdə Azərbaycan pasportuna sahib olanların sayı kifayət qədər azaldı.

Qurban Qurbanov üstünlüyü legionerlərə verməliydi. Çempionatda limit tələbinə görə yaşı 30-u keçən Bədavi, Maksim, Riçard kimi təcrübəlilərə, Nəriman kimi gəncə, zədədən qayıdan Abbasa şans vermək mümkün idisə, avrokuboklarda bunu etmək olmazdı.

Əsas heyətdə cəmi üç azərbaycanlı qalmışdı – Elvin Cəfərquliyev, Toral Bayramov və Bədavi Hüseynov. “Qarabağ” “11-lik”də yerlilərin sayını azaltmaqla qrup mərhələsini adlamaq, hətta 1/8 final mərhələsinə yüksəlmək imkanı qazandı. Təbii ki, burada səviyyəli legionerlərin təcrübəsi və bacarığı əsas rol oynadı. “Braqa” ilə oyunlarda əsas heyətdə üç azərbaycanlı yer almışdı – Bədavi, Bəhlul və Elvin.

Bəli, “köhlən atlar” Avropadakı uğurları ilə üzümüzü güldürür. Ancaq Azərbaycan millisinin yaxın gələcəkdəki vəziyyətini düşünəndə, barmağı dişləməmək olmur.

Vaxtilə millinin aparıcı simaları “Qarabağ”la avrokuboklarda zəngin təcrübə qazananlar idisə, bundan sonra ortabab liqalarda legioner həyatı yaşayanlarla Azərbaycan çempionatında top qovanları görəcəyik.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"