"Bəxtimiz gətirdi, həmin vaxt kim olsaydı…" - Sabiq "Qarabağ"lı tanınmış

2 Dekabr 2023 02:40 Qarabağ 3 318
"Bəxtimiz gətirdi, həmin vaxt kim olsaydı…" - Sabiq "Qarabağ"lı tanınmış

"Qarabağ" Avropa Liqasının qrup mərhələsi çərçivəsində ötən gün Norveçdə "Molde”nin qonağı oldu.

Oyunda ilk qolu "Qarabağ” vursa da qarşılaşma 2:2 hesabı ilə bitdi.

Bəs qələbə şansı var idimi? Ümumiyyətlə komandanın belə nəticə göstərməsinin səbəbi nədir?

Sportinfo.az xəbər verir ki, Ağdam klubunun sabiq futbolçusu Aslan Kərimov qaynarinfo-ya açıqlamasında görüşlə bağlı fikirlərini bildirib:

"Əslində, "Molde"ni udacağımızı düşünmürdüm. Hesabla bağlı heç kim heç nə deyə bilməz. Sadəcə, oyunun potensialı ilə bağlı mülahizə irəli sürmək olar. Uzun yolçuluq, süni meydança, noyabrın sonu… Bütün bunları nəzərə alsaq çətin olacağını düşünürdüm. "Qarabağ”ın ilk dəqiqədə yaratdığı qol vəziyyətini nəzərə almasaq, demək olar dominant tərəf "Molde” idi. Baxmayaraq ki, UEFA-nın saytında topa nəzarəti hər iki tərəf üçün 50 faiz nisbətində qiymətləndiriblər. Ancaq Norveç komandası qol imkanı yaratmaq baxımından qat-qat üstün idi. Bunun səbəblərindən biri, sözsüz ki, onların "Qarabağ”a ümumiyyətlə top saxlamağa imkan verməmələri idi. Onlar bizi daha yaxşı analiz etmişdilər, üstün tərəflərimizi bilirdilər. Bəlkə də belə hava şəraiti Zubirin, Andradenin öz texnikalarını yüksək səviyyədə göstərməsinə imkan vermədi. Mövqləri yaxşı bağlamışdılar. Beşli müdafiədə oynayanda istər-istəməz rəqibin qol imkanlarını məhdudlaşdıra bilirsən. Bunun müqabilində meydanın mərkəzini ələ keçirə bilərdik. Amma Patrik Andrade ilə Yankoviç bunun öhdəsindən gəlmədi. Bəlkə də Andradenin performansı o deyildi. Bu kimi səbəblərdən "Molde” üstün oynadı, sadəcə, onların buraxdıqları qol bəxtimizin gətirməsinə səbəb oldu”.

"Qarabağ” qolları əvəzetmələrdən sonra buraxdı. Maraqlıdı, mütəxəssis həqiqətən yanlış əvəzetmələr olduğunu düşünür?

"Başa düşdüm nəyi nəzərdə tutursunuz. Əvəzetmələrə qədər də qol vəziyyətləri yaratmışdılar. Dirəkdən qayıdan topu əvəzetmələrlə bağlamaq olmaz hər halda. "Molde” artıq üstünlük əldə etmişdi. Əsas heyət qalsaydı belə, fikrimcə, qollarını vura biləcəkdilər. Kiminsə meydançaya sonradan girməsinin sayəsində qol buraxdıq desəm, düzgün olmaz. Bunu belə hesab etmək, ən azı mən tərəfdən sadəlövhlükdür. Bu o halda doğru olardı ki, oyunboyu üstünlük əldə edərdik, çoxlu qol vəziyyətləri yaradardıq. Amma belə deyildi, rəqib tam üstünlük əldə etmişdi. Məsələn, "Bayer”lə oyunda top son dəqiqələrdə Maksim Medvedevin əlinə dəydi, penalti oldu. Amma həmin vaxt kim olsaydı, top onun əlinə dəyəcəkdi. Medinanın əlinə az dəyib (gülür)?

Yalnız o halda razıyam ki, meydana sonradan daxil olanlar praktika baxımından geridə qalırdılar. Oynamayan oyunçular meydana girirsə, oynayanları tam əvəzləyə bilmir. Hər zaman dəyişiklik edəndə oyunu gücləndirə bilmirsən. Məsələn, Nəriman Axundzadəni meydana buraxa bilərsən. Amma oyunu gücləndirəcək yox, gənc və perspektivli futbolçu kimi. Bədavi uzun zədədən sonra istənilən səviyyədə oynaya bilməzdi. Rahil Məmmədovu belə oyunlarda meydana buraxmaq təhlükəlidir. Bu baxımdan meydançaya girib oyunu dəyişəcək futbolçular demək olar yoxdur. Bəlkə Toral nəsə edə bilərdi. Qalanları perspektiv vəd edənlərdir. Ona görə də "Molde” ilə oyunda ikinci hissədə meydana daxil olan futbolçuların komandanı gücləndirməməsi normaldır”, deyə Aslan Kərimov bildirib.

Digər Xəbərlər
Xəbər Lenti