“Qarabağ” Avropa Liqasının qrup mərhələsinə qələbəylə başladı.
Azərbaycan çempionu 3 il əvvəl penalti seriyasında məğlub olduğu son Norveç çempionuna baş qaldırmağa imkan vermədən azarkeşlərini möhtəşəm zəfərlə sevindirdi – 1:0.
Avropada “bərk qoz” kimi tanınan “Molde” cümə axşamı özünə bənzəmirdi.
Ağdamlılar ilk dəqiqələrdən rəqibini qapısına sıxışdırmaqla və ardıcıl səhvlərə yol verməyə məcbur etməklə norveçlilərə futbol oynamağa imkan vermədi.
Oyun başa çatandan sonra “Molde”nin sosial şəbəkə hesablarında “gəzişməklə” skandinaviyalı azarkeşlərin sevimli komandaları haqda təəssüratları ilə tanış olduq:
“Yaxşı komanda ilə yaxşı mübarizə apardınız”.
“Çox yaxşı oyun oynadınız. Məğlubiyyət? Eybi yox, hərdən belə də olur”.
“Rəqib orta səviyyəli komanda idi, qələbə qazanmaq olardı. Növbəti matçlarda uğurlar”.
“Hakim çox bahalı deyildi ki?”
“Utanmayan komandamız var”.
“Yazmağa çox söz var. Bir şeyi deyim, sevinin ki, 0:1 uduzdunuz, daha böyük hesabla yox”.
“Ümid edək ki, bu, birinci və sonuncu olacaq. Əks halda...”
“Rəqibin haqqını vermək lazımdır, yaxşı komandadır. Ancaq onlara oynamağa siz imkan verdiniz. Ayılmaq vaxtıdır”.
“Komanda niyə bu gündə idi? Görünür, məqsəd 1 xal qazanmaq idi, ona görə oyunboyu müdafiə olundular”.
Göründüyü kimi, fikirlər müxtəlifdir. Yenilgini faciəyə çevirməyənlər də var, səfər məğlubiyyətinə görə “Molde”ni tənqid edənlər də. Sevindirici məqam odur ki, “Qarabağ” norveçli azarkeşlərdə müsbət fikirlər yaradıb.
HƏBİB / SPORTİNFO.AZ