Qurban Qurbanov "Qarabağ"a neçə milyonluq legionerlər aldırır?

24 May 2023 13:00 Qarabağ 4 510
Qurban Qurbanov "Qarabağ"a neçə milyonluq legionerlər aldırır?

Qurban Qurbanov yeni «Qarabağ»ı bundan sonra formalaşdıracaq.

Qış fasiləsindən bəri axtarışlar içində olan baş məşqçi komandanın bu görkəmi ilə barışa bilməz və hiss olunur ki, həqiqətən barışa bilmir.

O, həmişəki tövrü və təmkini ilə ortalığın qarışmasına imkan vermir, sakitliyi qorumağa çalışır.

Qurbanov özünəxas üslubu ilə ictimaiyyətə açıq və qapalı mesajlar göndərir, avrokuboklarda daha da irəli getməyi hədəflədiklərini çatdırır.

Əlbəttə, əlinin altındakı ansambl yarım il əvvəlkindən zəifdir, indi düşərgədə nə Kadi Borges var, nə Kvabena Ovusu.

Heç İbrahima Vadji də yoxdur.

Ramil Şeydayevin də yol üstündə olmasını bunun gözünə qatsaq, təxmin edə bilərik ki, «Qarabağ» yay transfer bazarında nə qədər hərəkətli olacaq.

Bakıya enəcək təyyarələri saymaq lazım gələcək. Bir, iki, üç? Daha da çox. Qurbanovun azından 3-4 nəfəri göndərib, ondan da artıq sayda yeni simaları ətrafına toplayacağını gözləməyə dəyər.

Düzdür, Qurban bəy bahalı, qiyməti «əl yandıran» legionerlərin transfer siyahısında yer almadığını deyir. O, nə göz qaytarır, nə də iz azdırır.

Həqiqəti söyləyir.

Üç-milyon avroluq əcnəbiləri biz bu tezliklə «Qarabağ»da görməyəcəyik. Üç-dörd ildən sonra bəlkə o da oldu, ancaq günü bu gün onların gəlişi qeyri-real görünür.

Qurbanov 1-1,5 milyon avroluq legionerləri «Qarabağ»a almağa çalışır. Konkret olaraq 3 mövqe üzrə menecerlərə konkret tapşırıqlar verməsi məlumdur.

Bu transferlər vaxtında, yəni, iyunun ortasınadək gerçəkləşməsə, özü də yaxşı bilir ki, Çempionlar Liqasına hərtərəfli hazırlaşmaq, pley-off mərhələsinədək irəliləmək yalnız arzu olaraq ürəklərdə qalacaq, reallığa çevrilməyəcək.

Onun xarici bazarı ilboyu nəzarətdə saxlaması bəlli olduğundan, güman ki, «Qarabağ» gözaltı etdiyi legionerlərin bəzisi isə bir müddət əvvəl şəxsi anlaşmaya imza atıb və «transfer pəncərəsi»nin rəsmən açılmasını gözləyirlər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!