"Mənə qadağa qoyulandan sonra yerimə kimsə gəlməliydi" - "Qarabağ"dan danışdı

25 Sentyabr 2022 20:20 Qarabağ 2 429
"Mənə qadağa qoyulandan sonra yerimə kimsə gəlməliydi" - "Qarabağ"dan danışdı

Deyim var, gedənin yeri boş qalmır.

Nurlan İbrahimovun gedişindən sonra “Qarabağ”ın mətbuat katibliyi işini layiqincə görməyə çalışır, komanda da yerli və beynəlxalq arenalarda futbol ictimaiyyətini sevindirməkdə davam edir.

Amma Nurlanın “Qarabağ”dakı, “Qarabağ”ınsa Nurlanın həyatındakı yeri hər zaman görünür və görünəcək.

Vətən müharibəsinin qaynar vaxtında düşmənin raket atəşi sayəsində həyatdan köçən körpələrə görə qəzəblənib, ermənilərin ünvanına sərt sözlər yazan İbrahimov UEFA-nın qərarı ilə futboldan ömürlük üzaqlaşdırıldı.

Həmin vaxtdan 2 ilə yaxın vaxt keçib, CAS Nurlanın əhvi məsələsinə baxır, lakin ortada yekun nəticə yoxdur. Həm “Qarabağ” – “Nant” oyunu ərəfəsində, həm də cəbhə bölgəsində növbəti dəfə şəhidlər verdiyimiz dönəmdə sabiq “Qarabağ”lı ilə danışmağı məqsədəuyğun saydıq.

(əvvəli ötən yazıda - https://www.sportinfo.az/idman_xeberleri/problem/150032.html)

- Gündüz Abbaszadə ilə münasibətin necədir?

- Münasibətimiz normaldır. Heç kimdən küskünlüyüm, incikliyim yoxdur. Görəndə salamlaşıb, hal-əhval tuturuq, heç bir problem yoxdur.

- Son 2 ildə görüşmüsüz?

- “Qarabağ”ın bazasında, stadionda görmüşəm, görüşmüşük. Gündüzlə görüşməmək üçün hər hansı bir səbəbim yoxdur. Bu gün mən UEFA ilə mübarizəmi “Qarabağ”da çalışmaq üçün yox, vətəndaş borcum olaraq aparıram. Onsuz da mənə futbol sahəsində çalışmaq qadağası qoyulandan sonra yerimə kimsə gəlməliydi. Gündüz olmasaydı belə, başqa bir şəxs o postda çalışmalıydı. Ona görə də hansısa inciklikdən söhbət gedə bilməz.

- Bəzən barmaqlarını qınayırsanmı?

- Həyatda heç vaxt heç nəyə görə peşman olmuram. Söhbət işin doğru olub-olmamasından getmir. İnsan səhv də edə bilər. Amma peşman olmaq... Peşmançılıq duyğusu insanı keçmişdə saxlayır. Mən isə daim gələcəyə xoş ümidlərlə baxmağa alışmış biriyəm. Hətta “Qarabağ” Avropa Liqasının qruplarında oynamayan dönəmdə bilirdim ki, komandamız nə vaxtsa Çempionlar Liqasının qrupunda da çıxış edəcək.

- CAS sənin işin üzrə qərarın açıqlanmasını 8-ci dəfə təxirə saldı. Niyə bu qədər uzanır?

- Şəxsi fikrim belədir ki, CAS bu məsələyə görə hüquqi cəhətdən cəzanın verilmədiyini çox yaxşı başa düşür. Proses zamanı bizə hədsiz əngəllər oldu, hüquqlarımızı qoruya bilmədik, apellyasiya şikayətimizi geri qaytardı. Bu qədər çətinliyin sonunda CAS işə baxmağa razı oldu. İşin bu qədər uzanması bir daha göstərir ki, cəzanın hüquqi tərəfi yoxdur. İstənilən halda məsələnin bu qədər uzanmasına pozitiv tərəfdən yanaşıram.

- İşin hüquqi tərəfi nə deyir? Təxirəsalma nə vaxta kimi davam edə bilər? Bəlkə 8 18-ə, 28- qədər davam edəcək.

- Maliyyə şikayətləri bu qədər, hətta bundan da artıq müddətdə uzana bilir. Amma intizam məsələsinin bu qədər davam etməsi nadir hallarda rast gəlinən hadisədir. Bəlkə də indiyə qədər 2 ilə yaxın müddətdə uzanan proses olmayıb.

- Qərar nə olacaq? İçindən gələn hiss nə deyir?

- İnanır və ümid edirəm ki, CAS ədaləti bərpa edəcək.

- Bağışlanmanla bağlı qərar veriləcək?

- Bağışlanmaq deyəndə ki, burada söhbət ömürlük cəzanın real olub-olmamasından gedir. Faktiki, 2 ilə yaxındır fəaliyyətdən uzağam. Bunun özü də cəzadır, 2 ildir cəzamı çəkirəm.

- Sentyabrın 13-dən bu yana Ermənistanın törətdiyi təxribatların qarşısını almağa çalışan Azərbaycan ordusu son 2 gündə rəsmi 71 şəhid verdi. Vəziyyətin bu cür olması insanlarda düşmən ölkəyə qarşı nifrət hissini xeyli artırıb. Sosial şəbəkədə yazılan qəzəbli statuslardan da başa düşmək olur ki, xalqın böyük qismi cəzalanmağına səbəb olan statusda yazdıqlarınla eyni düşüncədədir.

- İndiki mövzuda bu barədə nəsə deməyim birmənalı qarşılanmaya bilər. Bəlkə də kimlərsə oturub nəsə danışmağımı gözləyir ki, bundan mənə qarşı arqument kimi istifadə etsinlər. Hər zaman dediyim söz bu olub ki, insanlar, xüsusən də azərbaycanlılar ölməsin. Çünki ölən insan bizdən biridir – qohumdur, qonşudur, qardaşdır, bacıdır. O statusu yazmaqda məqsədim də azərbaycanlıların ölməməsi ilə bağlı idi. Son günlər bacardığım qədər sosial şəbəkələrdən uzaq durmağa çalışıram. Baxıram, pis oluram, özümə yer tapa bilmirəm. Həyatda tək istəyim var, azərbaycanlılar ölməsin.

Digər Xəbərlər
Xəbər Lenti