"Mən oynadım və ya oynamadım..." - MÜSAHİBƏ

15 Sentyabr 2021 22:40 Qarabağ 888
"Mən oynadım və ya oynamadım..." - MÜSAHİBƏ

"Qəbələ"nin yarımmüdafiəçisi Kamal Mirzəyev Sportinfo.az-a müsahibə verib.

Bölgə klubu yeni mövsümə əla start verib. Komanda 3 turdan sonra 7 xalla liderlər qrupunda qərarlaşıb.

Komandadan fərqli olaraq Kamal haqqında da eyni sözləri demək olmaz. Təcrübəli futbolçu yeni mövsüm az şans qazanır.

Kamal da müsahibəsində həm komandanın uğurlu çıxışı, həm də öz durumu ilə bağlı danışıb.

- 3 tura 7 xal toplayan komandanın heyətində ab-hava necədir?

- Çempionata stabil başlamışıq. Başlanğıcda yaxşı nəticələr qazanmışıq. Bunun davamını gətirməyə çalışacağıq. Uğurlu seriyanın bitməsini istəmirik. Motivasiya yüksək həddədir.

- Bir iki oyun uğursuzluq olsa, hazırkı motivasiyanın yox olmaq ehtimalı nə qədərdi?

- Qətiyyən belə bir şey fikirləşmirəm. Komanda olaraq yumuruğu bir yerə vururuq. Ötən mövsüm məğlubiyyətlər alsaq da sona kimi eyni ruhda davam eləmişdik.

- Ötən mövsüm məğlubiyyətlərə rəğmən komanda pis oynamırdı. Amma bu ilə yaxşı oyunla bərabər, nəticə də yaxşıdır. Bunu yığdığınız təcrübəyə bağlamaq olar?

- Bu fikirlər tam razıyam. Ötən mövsüm indikindən daha çox epizodlara girsək də, onu qola çevirə bilmirdik. Bu da sonda məğlubiyyət və ya xal itkisi ilə bitirdi. Amma indi elə deyil. Hazırlıq dönəmində məşqçilər korpusu bu məqamın üzərində çox dayandı. Ki, eyni şeyi davam etdirməyək.

- Səncə, belə çıxışı stabil stabil davam etdirmək mümkün olacaq?

- Əlbəttə. Hər birimiz ayrı-ayrılıqda kollektivə çox inanırıq. Nəticənin yaxşı olması da kollektivin müsbət ruhundan irəli gəlir.

- Komanda uğurlu çıxış edir. Amma sənin haqqında eyni sözü deyə bilmərik. Səbəb nədir?

- Bəli, oyunlarda az şans qazanmışam. Amma məşqçilər koprusu hamımıza güvəndiyini deyib. Mən oynadım və ya oynamadım önəmli olan komandanın qələbəsidir. Kollektiv uğurlu çıxış edirsə, biz də dəstək olmalıyıq.

- Belə başa düşdüm ki, komanda uğurlu çıxışa davam etdikcə sənin daha çox şans qazanmağın gözlənilmir?

- Bu çox normal haldı. Nə vaxt çox şans qazanacağım isə məşqçimizin verəcəyi qərardır.

- Heyət elə də geniş deyil. Hər sənə ehtiyac ola bilər. Buna hazırsan?

- Bəli, tam hazıram.

- Növbəti rəqib "Səbail"dir. Məqsəd nə olacaq?

- Evdə oynayacağıq. Amma bizdə ev-səfər anlayışı yoxdur. 3 xal üçün meydana çıxacağıq. "Səbail"in çox yaxşı kollektivi var. Əbəs deyil ki, ilk 3 turda 6 xal qazana biliblər. İnşallah, maraqlı oyun olacaq.

- Həqiqətən də bu il "Qəbələ"də çox yaxşı kollektiv var. Belə mehribançılığın sirri nədədir?

- Rəhbərlik daim yanımızda olur. Məşqlərimizdə iştirak edirlər. Hər cür dəstək olduqlarını göstərirlər. Bundan əlavə Baş məşqçimizin göstərdiyi münasibət belə ab-havanın yaranmasında əsas rol oynayır. "Qəbələ"də ən öndə duran məsələ nizam-intizamdır. Məşqçi verən tapşırıqların istər oyunda, istərsə də məşqlərdə uğurlar icra etməyə çalışırıq.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti