
"İlk növbədə valideynlərin yanaşması vacibdir.
Hər zaman problemi məşqçilərin üzərinə atırlar, mən bununla razılaşmıram".
Bu sözləri Sportinfo.az-a açıqlamasında keçmiş futbolçu Samir Abdulov deyib.
O. daha çox "Karvan"dakı çıxışı ilə futbol ictimaiyyətinə özünü tanıda bilib. 10 ilə yaxın Premyer Liqa klublarında çıxış edən hücumçu "Sumqayıt", "Kəpəz", AZAL və "Rəvan"da da forma geyinib.
Peşəkar karyerasını bir neçə il qabaq başa vuran Abdulov artıq uşaq futbolunda çalışır. Yaratdığı komandanın adı "Rüzgar"dır.
6-14 yaş qrupları var. Futbolçuları yetişdirib, "Sumqayıt" Futbol Akademiyasına təqdim edirlər.
Müsahib bu sahədəki problemlərdən söz açıb:
"Uşaq 1,5 saat məşq edir, amma 24 saatın böyük hissəsini valideynlərinin yanında olur. Başqa işlərindən bizim xəbərimiz olmur.
Nə yediyini, nə vaxt yatdığını, nə işlər gördüyünü bilmirik. Bunlar böyük amildir. Nə qədər ki, akademiyalar olmayacaq, bizdə heç vaxt futbol olmayacaq.
Akademiyalar olanda uşaqlar məşqçilərin sərəncamında olacaq. Gündəlik rejimlərinə birbaşa nəzarət olunacaq.
Uşağın gücü, məşqçinin bacarığı hesabına bir yerə qədər inkişaf etmək mümkündür. Problemi məşqçilərin üzərinə atırlar.
Yaxşı uşaqlar, məşqçilər var. Sadəcə, inkişaf üçün lazım olan şərait yoxdur.
Nəzarət mütləq olmalıdır. Uşaqların təhsilinə diqqət artırılmalıdır.
Dərslərini oxumayan uşaqdan nəsə gözləməyə dəyməz. Oxumayan uşaqdan yaxşı futbolçu az hallarda çıxır.
Əvvəllər bu mümkün idi. Amma indi yox. Futbol çox inkişaf edib. Beyin sürətli qərar verməlidir.
Beyni olmayan uşaq inkişaf edə bilməz. Dar zonada qısa müddətdə qərar verilməlidir.
Məsələn, "Barselona" akademiyasının Azərbaycanda qurulacağını hər kəs bilir. Uşaqlar orada qalacaq.
Təhsil alacaq, məşqlərini edəcək. Bu, başqa səviyyədir. Onda inkişafdan danışmaq olar".