
Bu qış "Qarabağ"dan ayrılaraq vətəni Braziliyaya qayıdan Juninyo yeni klubu "Flamenqo"da gözlənilən faydanı verə bilmir.
Sportinfo.az xəbər verir ki, 28 yaşlı hücumçu Rio komandasında meydana çıxdığı 22 oyunda cəmi 3 qol vurub.
Bu səbəbdən o, həm azarkeşlərin, həm də yerli medianın tənqidi ilə üzləşir.
Halbuki o, "Qarabağ"ın heyətində, xüsusən avrokuboklarla əla oyunu ilə diqqət çəkirdi. Almaniya nəhənglərindən "Bayer"lə matçlarda vurduğu gözəl qollar isə hələ də yaddaşlardan silinməyib.
"Flamenqo"nun futbol direktoru Joze Boto Braziliya mətbuatına açıqlamasında deyib ki, Juninyonun komandaya daha tez uyğunlaşacağını gözləyirdilər, amma bunu əvvəlcədən təxmin etmək çox çətindir:
"Hesab edirik ki, onun hələ göstərə biləcəyi çox şey var. Amma komandada səviyyəli oyunçular olduğu halda, inkişaf üçün imkanlar tapmaq çətinləşir. Bu, əsasən futbolçunun özündən və onun dözümlülüyündən asılıdır”.
O etiraf edib ki, bu transfer konkret bir ehtiyac üçün edilib və məqsədinə çatıb:
“Transferin məqsədi yerinə yetirildi. Biz heç vaxt Juninyonu əsas hücumçu kimi 50 qol vuracağı ümidi ilə transfer etməmişdik. Sadəcə həmin mövqedə (hücumda) boşluqlar yaranmışdı və onda bizə lazım olan xüsusiyyətlər vardı. Üstəlik, baha deyildi. Biz bunu əvvəldən bilirdik, ona görə də 15 milyon avro dəyərində bir oyunçu transfer etmədik. Mövsümün bir mərhələsində onun oyun vaxtının azalacağını təxmin edirdik. Məşqlərdə gördüklərimə əsasən isə söyləməliyəm ki, o, indi əvvəlkindən daha yaxşı uyğunlaşıb. Ona görə də Juninyo qazanacağı oyun şansından istifadə etməli və göstərməlidir ki, biz ona arxalana bilərik”.
Klub rəsmisi deyir ki, Juninyo əsas hücumçu kimi yox, Pedro zədəli olduğu dövrdə ona alternativ kimi gətirilib. Pedro komandaya qayıtdıqdan sonra isə Juninyonun oyun vaxtı azalıb, bu da gözlənilən idi.