
Səsinin ən yüksək tonuna qaldırıb, “bölgələrdə futbol olmalıdır, niyə bütün klublar Bakıda cəmlənib” deyənlər, vəziyyətdən xəbəriniz var?
Yoxdursa, deyim.
Ötən mövsümün yekunlarına əsasən “Karvan”la “İmişli” Premyer Liqaya vəsiqə qazanıb. Əslində, çempion qismində yalnız “Qəbələ” qalxmalıydı. Mövsümün qaynar vaxtında İcraiyyə Komitəsində yer alanlar qərara gəldilər ki, bir yox, üç komanda gəlsin. Hər nə isə...
Çempionat düz bir aydır başa çatıb. Başqa cür desəm, istirahətin bir ayı geridə qalıb. Yeni mövsümün başlamasına da təxminən 50 gün vaxt var.
“Karvan”la “İmişli”dən xoş xəbər eşidən olub?
Stadion məsələsini necə həll edəcəklər?
Nöqsanlar necə aradan qaldırılacaq?
Transferlər, uşaq futbolu və sair.
Hər iki klubda rəsmilər gözlərini döyüb bir-birinin üzünə baxır. Çünki dövlətdən ayrılan vəsaitlə dolanmağa borcludurlar. O da dərdin birinə çatır, o birinə yox. Premyer Liqada külək əsdirmək üçün yaxşı pulun olmalıdır axı.
Əlavə sponsor yoxdur!
Bu dəqiqə Rusiyanı silkələ, İmişli ilə Yevlaxdan bilirsiz nə qədər imkanlı oğlanın səsi çıxacaq. Min bir zəhmətlə qazanırlar, sağlıqlarına qismət, gəzirlər, yeyib-içib, əylənirlər. Ancaq söz futboldan düşəndə...
Guya Bakıda azdır pullu imişlilərlə yevlaxlılar? Nə qədər istəsən. Sözün əsl mənasında at oynadırlar.
Ancaq heç bir imkanlı sinəsini irəli verib futbola pul xərcləmək istəmir. Heç biri doğma rayonun adını uca tutmaq üçün bir şey fikirləşmir.
Guya ən pis ayaqda hər iki rayonda və kəndlərində yaşayan futbol fədailəri pivəylə arağa, siqaretlə qəlyana verdikləri pula qənaət edib klubun şəraitinin yaxşılaşdırılması yönündə hansısa addım ata bilməzlər?
Kasıb təbəqə bir araya gəlib, rayonun imkanlı şəxs(lər)ini futbola cəlb etmək üçün hansı addımı atıb? Hansı biri qapı döyüb?
Sabah paytaxtı təmsil edən klublar “Karvan”la “İmişli”ni qapazaltı edəndə, yenə başlayacaqlar AFFA-yla PFL-i daşa tutmağa ki, niyə onların pulu çoxdur, bizimki az? Niyə bizim stadionun qazonunu dəyişmədiz? Niyə bizdə bahalı legionerlər yoxdur?
Hə, bax, onda başlıqdakı suala cavab tapmağa çalışarsız.
HƏBİB / SPORTİNFO.AZ