Azərbaycan futbolunda növbəti rəzalət – Mayda hava günəşli olacaq

24 Fevral 2025 16:40 Problem 2 443
Azərbaycan futbolunda növbəti rəzalət – Mayda hava günəşli olacaq

Ölkədə müşahidə olunan qarlı-şaxtalı hava şəraiti Premyer Liqanın 24-cü turunun oyunlarının keçirilməsinə əngəl ola bilmədi.

Yalnız “Zirə” – “Kəpəz” oyununun baş tutması mümkünsüzə çevrildi ki, o da sabah, çətin şərtlər altında olsa belə, gerçəkləşəcək.

Halbuki, diqqət mərkəzində olan oyun “Şamaxı” – “Turan Tovuz” idi. Bölgə təmsilçilərinin bölgədə keçirilmiş duelinin təxirə salınmaq ehtimalından daha çox ehtiyat edirdik.

Meydan qardan böyük ölçüdə təmizləndi, matç da ən yüksək səviyyədə keçirildi.

Amma və lakin futbol ictimaiyyəti bu qarşılaşmanı izləməkdən məhrum oldu. Komandalar meydana VAR-ın yoxluğunda çıxdı.

Bununla da “CBC Sport”, eləcə də AFFA Azərbaycan futbolunun əsl üzünü öz əlləri ilə növbəti dəfə nümayiş etdirdi. Sən demə, bu boyda ölkənin ən üst səviyyəli futbol çempionatı iki texnikanın ümidinə qalıb. Və hər iki avtomobil-avadanlıq bir gün öncə paytaxtdakı matçları efirə daşıdığına görə matç günü bölgəyə çatması mümkün olmayıb.

Azərbaycan millisinin “sükanı” arxasına Avropa çempionu statuslu Fernando Santuşu yanındakı dəstəsi ilə birgə əyləşdirən futbol başbilənləri bu boyda ölkənin dağ boyda futbolunun iki texnikanın ümidinə qoyubsa, futbolumuzun halına elə Santuş ağlasın. Texnikanın dünyanı ağuşuna aldığı dövrdə canlı yayım üçün texnika tapa bilmirlərsə, var halımıza.

“Turan Tovuz” dağları yara-yara Tovuzdan Şamaxıya gəlir, hakimlər, jurnalistlər, oyunla əlaqəli məsul şəxslər – hamı Bakıdan Şamaxıya çata bilir, “CBC Sport”un texnikasına cavabdehlik daşıyanlar yolda video çəkib, Bakıya qayıdırsa, daş belə futbolun başına.

Mayda turun vacib oyunları eyni saatda keçiriləcək və indiki hal davam etsə, avrokuboklara vəsiqə uğrunda mübarizə aparanlarla elitada qalmaq uğrunda savaşanların matçları üst-üstə düşəcək. Görəsən həmin vaxt canlı yayım məsələsi necə tənzimlənəcək? VAR hansı əsaslarla bir oyuna gedib, digərindən imtina edəcək?

Növbəti mövsümdə Premyer Liqada 12 komanda mübarizə aparanda məlum vəziyyətdən necə çıxacaqlar?

Yağan qar yaxşı ki, ölkə futbolunun üzündəki qara ləkəni ağarda bilmədi. Çempionatın sonunda, may ayında hava günəşli olacaq. İndidən çarə tapılmalıdır ki, günəş şüası futbolumuzun üzünü tanınmayacaq dərəcədə qaraltmasın. Sağa-sola xərclənən mənasız milyonlardan bir çimdik ayırıb texnika alınmasa, bundan da betər rəzalət yaşanacaq.

Hələ ki, gec deyil.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti