“Neftçi”nin sabiq futbolçusuna ölkə xaricindən zənglər gəlir

21 Aprel 17:45 Problem 431
“Neftçi”nin sabiq futbolçusuna ölkə xaricindən zənglər gəlir

Xeyli vaxtdır xəstəlikdən əziyyət çəkən Vadim Vasilyev nəzarətə götürülüb.

Veteran futbolçuya Heydər Əliyev Fondu tərəfindən lazım olan dəstəyin göstəriləcəyi bildirib ki, bunun üçün “Liv Bona Dea Hospital”a yerləşdiriləcək.

Vasilyev Sportinfo.az-a açıqlamasında hazırkı durumu barədə məlumat verib, onunla maraqlanan şəxslərin adlarını çəkib:

“Hələ ki, evdəyəm. Ağrılarım var, birtəhər dözürəm. Sabah xəstəxanaya gedəcəm.

Həkimlərin müayinəsindən sonra palatada, yoxsa evdə müalicə alacağım bilinəcək. Həkimin qəbulunda olmamış nəsə deyə bilmərəm.

Tanıyanlar, vəziyyətimi bilənlər zəng edib maraqlanırlar. Keçmiş komanda yoldaşım İlham Yadullayev, Veteranlar İttifaqının sədri Oqtay Abdullayev mütəmadi zəng edirlər.

Azarkeşlərdən də əlaqə saxlayanlar var. Vaxtilə eyni komandada oynadığım Leonid Kalfa ilə Denis Sokolovski də zəng etmişdilər.

Başqa ölkələrdə yaşasalar da, maraqlanırlar. Zənglər çox olur, adlarını çəkmədiklərim üzrlü bilsinlər”.

İnsult keçirən 51 yaşlı keçmiş hücumçu mart ayında AFFA-nın dəstəyi ilə əməliyyat olunmuşdu.

Vaxtilə “Bakı fəhləsi”, “Xəzri”, “Neftçi”, “Qarabağ”, “Bakı”, “Olimpik”, “Karvan” kimi komandalarda top qovmuş Vasilyev Premyer Liqada 100-dən artıq qol vurub.

O, 1999-2003-cü illər aralığında şərəfini qoruduğu Azərbaycan millisində 33 matçda 2 dəfə fərqlənib.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti