Azərbaycan klublarını bir araya gətirən məkan - Hər kəsi üzəcək hal

12 Aprel 21:15 Problem 1 584
Azərbaycan klublarını bir araya gətirən məkan - Hər kəsi üzəcək hal

Bu dəfə yolumu Bakı Olimpiya Stadionundan (BOS) salmaqda məqsədim Elmar Baxşıyevin "Araz Naxçıvan"dakı ikinci məşqini yerində izləmək və sonra yeni çalışdırıcı ilə müsahibə etmək idi.

İstəklərimi sonda yerinə yetirdim. Buna görə həm də komandanın mətbuat xidmətinin rəhbəri Mahal Məmmədova təşəkkür edirəm.

Amma BOS-da gördüyüm başqa mənzərə məni növbəti dəfə fikirə apardı.

Ölkənin ən böyük arenasının ikinci meydançasında Naxçıvanı təmsil edən "Araz" məşqə çıxmışdı.

Üçüncü meydançasında isə paralel olaraq Tovuzu təmsil edən "Turan Tovuz" hazırlıq keçirdi.

Hər iki komandanın məşqi bitəndən sonra bu dəfə stadionun ərazisində "Qəbələ"nin avtobusu göründü.

Məlum oldu ki, "Turan Tovuz"la Qəbələdə baş tutacaq növbəti oyuna Qəbələni təmsil edən komanda BOS-un ehtiyat meydançasında məşqə çıxmağa hazırlaşır.

Hələ bu da son deyildi. Normalda Zirəni təmsil edən "Zirə" komandası da bu saatlarda burada məşqə çıxır. Sadəcə həmin günü futbolçulara istirahət verilmişdi.

Təsəvvür edin ki, Premyer Liqanın azalır tən yarısı BOS-a sığınıb. Özü də biri paytaxt, digər üçü region klublarıdır.

Düzdü, ölkə futbolunda ciddi infrastruktur problemi var. Amma 4 klubun BOS-a pənah gətirməsini yalnız bununla bağlamaq da insafdan deyil.

Heç detallara getmək də fikrim yoxdur.

Zəlzələdən, ya da vəlvələdən ortaya çıxan mənzərə hər şeyi deyir.

Açığı, 4 bəzən isə daha çox klubumuzun adıçəkilən ünvana pənah gətirməsini bilirdim.

Amma 100 dəfə eşitməkdənsə, bir dəfə görmək başqa hislərdir.

Əyani mənzərə futbolumuzun harda olduğunu, inkişaf üçün hardan başlamalı olduğumuzu gözlər önünə sərmiş olur.

Yetər ki, səlahiyyət sahibləri gözlərini açıb həqiqətlərə baxsınlar.

Xilas üçün düzgün nöqtəddən yola çıxsınlar.

Rövnəq Abdullayevin 16 illik hakimiyyəti dönəmində bunu görmədik. İşləri gücləri gecə-gündüz milli komandaya əcnəbi baş məşqçi axtarmaq oldu. Nə "Bakı çempionatı" onları maraqlandırdı, nə də sistemsiz futbol idaretməsi.

Yeni AFFA rəhbərliyini də buranı günorta saatlarında baş çəkməyə dəvət edirəm.

Ümid edək ki, ən azı AFFA-da hakimiyyətə gələn yeni rəhbərlik milli komanda üçün əcnəbi baş məşqçilərlə apardığı danışıqlardan baş açıb, arada bir futbolumuzun yuxarıdakı problemləri ilə də məşğul olacaqlar.

Onda milli də düzələcək, milliliyimiz də.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU