Kimsə döyüləcək, kimsə əzişdiriləcək, kimsə sillə-təpiyə tuş gələcək - AZ QALDI…

29 Sentyabr 15:00 Problem 1 191
Kimsə döyüləcək, kimsə əzişdiriləcək, kimsə sillə-təpiyə tuş gələcək - AZ QALDI…

Hər şeyin və bər işin bir əndazəsi var. «Qırmızı xətt» bütün sahələrdə keçərlidir.

Gərək onu gözləyəsən, həddi aşmayasan.

Yoxsa səbr kasası daşacaq, yer-yerindən oynayacaq.

Premyer Liqada cəmi 7 tur arxada qalıb. Marafon uzundur. Əsas mübarizə hələ çox qabaqdadır.

Ancaq görürük ki, əsəblər tarıma çəkilib, istər məşqçilər, istər futbolçular, istər media, istərsə də ölkə çempionatının axarıyla yaxından və uzaqdan maraqlanan ictimaiyyət nümayəndələri bir istiqamət üzrə birləşib - hakimlik.

Gerçəkdən də bu sektorda vəziyyət bərbad və acınacaqlıdır. Barış Şimşəkin idarəçiliyindəki sahə özünün tənəzzül dövrünü yaşayır.

Onun Türkiyədən gəlməsinə, qardaş ölkənin mənsubu olmasına hörmətlə yanaşırıq. Fəqət, bir idarəçi kimi Şimşəyin işinin öhdəsindən gəlmədiyini deməyə borcluyuq. Bizi bunu deməyə şəxsin özü məcbur edir.

Şimşəyin etimad göstərdiyi hakimlərin əksəriyyətinin futbol savadı yerlərdə sürünür. 17 qaydanı əzbərləyiblər, bir az ingiliscə öyrəniblər, elə sanırlar ki, guya bunlar da referidir, laynsmandırlar.

Nə özlərinə hörmət edirlər, nə də qarşısındakılara. Çox ucuz vərəqə göstərirlər.

Qırmızı kartları yerli-yersiz cibdən çıxarırlar. Aralarında bir nəfəri çətinliklə taparıq ki, vaxtilə peşəkar səviyyədə futbola məşğul olsun.

Kənardan gələnlərdir. Harada ata-anasından küsən, başqa sahədə iş tapmayan var, tökülüşüb gəlib bura. Mən hələ yaxın qohum-əqrabasına görə o formanı geyinənləri demirəm.

Təfərrüata varmaq istəmirəm, sadəcə, deyim ki, həm Premyer Liqaya, həm də I Liqaya təyinat alan hakimləri psixoloji testdən keçirmək mütləqdir.

Şimşək bunu anlamalıdır və ümumi gərginliyi nəzərə almalıdır, gözardı etməməlidir. İndiyədək hansı səhvlərə yol verib, onları özüyçün müəyyənləşdirməli, fəaliyyətində dönüşə nail olmalıdır.

Gah nala, gah mıxa vurmaq dövrü arxada qaldı. Hakimləri müdafiə taktikası daha keçmir.

Elçin Məsiyev, Nicat İsmayıllı, Cavid Cəlilov kimilər Premyer Liqaya bir daha təyinat almamalıdır. Onların bu çapda oyunları idarə etməyə layiq olduqlarını sübuta yetirmələrinə kifayət qədər vaxtları var idi, öhdəsindən gəlmədilər.

İki ildir Murad Musayevi qınayırıq ki, niyə hər həftə sarı-qırmızı vərəqə alır. Day sayını mən də itirmişəm. Amma o, düz deyir ki, hakimliyin klası qalxmasa, Azərbaycanda futbolun inkişafı prosesi getməyəcək.

Şimşəyin başına sığal çəkdiyi, qoruduğu hakimlər Qurban Qurbanov başda olmaqla, Premyer Liqada çalışan məşqçilərin əlinə su tökməyə, onların önünə çıxmağa, salamlarını almağa layiq deyillər.

Anlasınlar bunu. Hər xırda epizoda, adi mübahisəyə, etiraza görə əlin cibinə atanlara AFFA-dan «dur» deyən olmasa, irəlidə dəhşətli hadisələr qeydə alınacaq.

Demirəm qan su yerinə axacaq, amma kimsə döyüləcək, kimsə əzişdiriləcək, kimsə sillə-təpiyə, qapaza tuş gələcək.

Geyiniblər o formanı, qoyublar ciblərinə o vərəqələri, elə zənn edirlər ki, dünyanın ağası bunlardır, istədikləri qərarları verə bilərlər. Çox pis, çox pis…

Uzağa getmirəm, 10 il öncə bu hakimlik olsaydı, «yeyilməzdi». Vallah, hər oyunda tutub bunları o ki var döyərdilər.

Şimşəyin sədrliyi bizi yaxın keçmişə qaytarmasın, biabırçılıq olar. Mənfi tendensiyanın qarşısı təcili alınmalıdır.

Eşidirik də, Fritz Stuxlikin zamanında bəzi hakimlərin Premyer Liqaya gedən yolu otel otağından, saunadan, oradan-buradan keçirdi. Ş

imşəyə məsləhət görərdim ki, PFL rəhbərliyinin də məsləhətini alıb təyinat verdiyi zatların vərdişlərini araşdırsın, gündəlik həyatda hansı işlərlə məşğul olduqlarını öyrənsin, qeyri-leqal bukmeyker kontorları ilə əlaqəllərinin olub-olmamasını dəqiqləşdirsin.

Qoy, əziyyət çəksin, müəyyənləşdirsin ki, bu kəsləri hər həftə kim və harada toplayır, onlara nə «məsləhətlər» verir. Kabinetdə oturmaqla, ara-sıra medianın önünə çıxıb hapa-gopa basmaqla problemlər aradan qalxmayacaq.

Bütün bunların həlli ortalığa girməkdədir, ortalıqda olmaqdır. Düzdür də, çobanı tənbəl sürüyə canavar od salar.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti
2 Dekabr 18:10 Çək və bizə göndər!
2 Dekabr 10:40 Qazanmağın bir yolu…
2 Dekabr 10:20 Lider dəyişdi - VİDEO
2 Dekabr 03:10 "Mən ona dedim ki..."