Ermənilər genişmiqyaslı və qısamüddətli savaşdan qorxur

2 Dekabr 2022 03:00 Problem 234
Ermənilər genişmiqyaslı və qısamüddətli savaşdan qorxur

Ermənistan sülh prosesini pozmaq üçün bütün vasitələrdən istifadə edir.

Rəsmi İrəvan Azərbaycanla yekun sülh sazişinin imzalanmasından yayınmağa can atır.

Paşinyan hakimiyyəti ümid edir ki, əgər, sülh danışıqları uzanarsa, yaxud da ümumiyyətlə, dalana dirənərsə, bu, Ermənistana əlavə vaxt qazandırar.

Və bu halda, Cənubi Qafqazda mövcud olan situasiyanı Ermənistanın xeyrinə dəyişmək üçün müəyyən imkanların açılması da mümkün ola bilər.

Təbii ki, rəsmi İrəvanın dekabrın 7-də Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşü əngəlləmək cəhdləri də məhz bu məntiqdən qaynaqlanır. Belə ki, Ermənistan baş naziri Nikol Paşinyan Brüssel görüşündə yalnız Fransa prezidenti Emmanuel Makronun da qatılacağı təqdirdə, iştirak etməyə razılıq verib. Halbuki, bunun qətiyyən mümkün olmadığını erməni baş nazir də tam dəqiqliyi ilə bilir.

849dd534-04e4-44e6-83ef-ebc952fe8b15.jpg (257 KB)

Məsələ ondadır ki, rəsmi Bakı Fransanı birmənalı şəkildə ermənipərəst mövqe tutan dövlət kimi qəbul edir. Azərbaycan Prezidenti İlham Əliyev Fransa lideri Emmanuel Makronun açıq ermənipərəst mövqeyini əsas gətirərək, onun və rəhbərlik etdiyi ölkənin Cənubi Qafqazdakı sülh prosesində iştirakını artıq rəsmən bloklayıb. Və rəsmi Bakının bu mövqeyini yaxın vaxtlarda dəyişə biləcəyi ümumiyyətlə, gözlənilmir.

Digər tərəfdən, rəsmi İrəvanın Fransa prezidenti E.Makronu sülh danışıqları prosesinə qatmaq üçün istifadə etdiyi Praqa görüşünə istinad etməsi də, siyasi məntiqdən uzaqdır. Çünki, prezident E.Makronun həmin görüşdə iştirakı cəmisi bir dəfə üçün Azərbaycan lideri İlham Əliyevin razılığı ilə mümkün olmuşdu. Yəni Fransa prezidenti Brüssel formatının iştirakçısı deyil və rəsmi İrəvanın bununla bağlı israrı məqsədyönlü şəkildə sülh prosesini pozmaq cəhdindən başqa bir şey deyil.

Maraqlıdır ki, Paşinyan hakimiyyətinin Brüssel prosesini pozmaq cəhdləri hazırda hamidan çox məhz Rusiyanın maraqlarına cavab verir. Belə qeyri-müəyyən situasiyanın yaranması Kremlə Cənubi Qafqazda təşəbbüsü yenidən ələ keçirtmək imkanı açır. Ona görə də, mövcud situasiyada sülh danışıqları üçün dərhal öz vasitəçilik missiyası ön plana keçirdən Rusiya bundan tamamilə məmnundur.

ktmt-ermeni-rus.jpeg (115 KB)

Ancaq Ermənistanın Rusiya ilə kifayət qədər ciddi problemlərinin olması rəsmi İrəvan üçün əlavə təhlükəsizlik riskləri də yaradır. Xüsusilə də, baş nazir Nikol Paşinyanın KTMT-nın yekun bəyannaməsini imzalamaqdan nümayişkəranə şəkildə imtina etməsi Kremldə ciddi sarsıntılara yol açıb. Çünki erməni baş nazirin bu davranışı yalnız KTMT-nın deyil, həm də Rusiyanın nüfuzuna ağır zərbə vurub. Və hətta Rusiyanın mövcudluğuna böyük önəm verdiyi KTMT-nı dağılmaq təhlükəsi qarşısında buraxıb.

Göründüyü kimi, Paşinyan hakimiyyəti atdığı addımlarla Ermənistana əlavə problemlər yaratmaqda davam edir. Hətta indi Ermənistan cəmiyyətində Rusiyanın rəsmi İrəvanı cəzalandırmaq niyyətinə düşə biləcəyindən ciddi şəkildə narahatlıq hökm sürür. Hər halda, erməni toplumunda belə bir qənaət mövcuddur ki, Kreml baş nazir N.Paşinyanın Rusiyaya qarşı hörmətsizliyini heç vaxt bağışlamaz.

Ermənistan Milli Konqresinin sədr müavini Levon Zurabyan da hesab edir ki, baş nazir N.Paşinyan Rusiya ilə münasibətləri təhlükəli həddə qədər gərginləşdirib. Onun fikrincə, KTMT-nın Rusiya prezidenti Vladimir Putinin də iştirakı ilə İrəvanda keçirilən son sammitində baş nazir N.Paşinyanın yekun sənədləri imzalamaqdan imtinası nəticəsində proseslərin istiqamətləri dəyişməyə başlayıb: “Kreml bu dəfə İrəvanı cəzalandırmaq qərarına gəlib. Hər şey Ermənistanın dövlətçiliyini itirməsi ilə başa çata bilər”.

1601208156_20200927_160128.jpg (263 KB)

Levon Zurabyan əmindir ki, artıq rəsmi Bakının qarşısında elə bir ciddi əngəl qalmayıb, Azərbaycan ordusu hərəkətə gələrsə, Rusiya da, KTMT da buna göz yumacaq: “Çünki rəsmi İrəvan KTMT-nın köməyindən özü imtina etdi. Yaxın zamanlarda Azərbaycan ordusu üçtərəfli anlaşmanın bütün bəndlərinin icrasını geniş bir hərbi əməliyyat nəticəsində həll edəcək. Hər şey çox sürətlə baş verəcək. Rəsmi İrəvan özünə gələnə qədər Azərbaycan ordusu bütün qoyulan tapşırıqları yerinə yetirəcək”.

Bu açıqlamadan da görünür ki, Ermənistan cəmiyyətində də rəsmi İrəvanın üçtərəfli anlaşmaları yerinə yetirmədiyini etiraf edirlər. Elə məhz bu önəmli məqam Azərbaycan ordusunun hərəkətə gətirilməsinə hüquqi əsaslar verir. Rəsmi İrəvan istənilən halda, üçtərəfli anlaşmalara riayət etməli olacaq. Çünki regionda sülh prosesinin uğur qazanması həm də bundan asılıdır. Paşinyan hakimiyyəti Azərbaycanla sülh sazişi imzalamaq üçün Ermənistan ordusunun tör-töküntülərini Xankəndi və ətraf bölgədən çıxartmalıdır.

Belə anlaşılır ki, Ermənistan cəmiyyəti Paşinyan hakimiyyətinin yeni genişmiqyaslı savaş üçün hüquqi səbəblər verdiyini bilir. Üstəlik, bu genişmiqyaslı savaşın qısamüddətli olacağını da anlayır. Çünki Ermənistanın Azərbaycanla yeni savaşa tab gətirmək üçün nə maliyyə-iqtisadi resursları, nə də ordusu mövcud deyil. Və bu baxımdan, Paşinyan hakimiyyətinin hazırda böyük riskə geydiyi, hətta “odla oynadığı” qətiyyən şübhə doğurmur (musavat.com).

Elçin XALİDBƏYLİ

Digər Xəbərlər
Xəbər Lenti
28 Yanvar 13:40 Ramil Şeydayev seçildi
28 Yanvar 11:20 Bir az da güclənin!
28 Yanvar 03:20 "Bir də olmasın" - VİDEO