Ermənistanın sülh əleyhinə sentyabr cinayətləri - Təxribatlar dayanmır

27 Sentyabr 2022 13:50 Problem 455
Ermənistanın sülh əleyhinə sentyabr cinayətləri - Təxribatlar dayanmır

Ermənistanın 12-14 sentyabrda sərhəddə törətdiyi sülh əleyhinə təxribatlar davam edir.

Atəşkəs əldə olunmasına baxmayaraq, düşmən yenə Kəlbəcər, Tovuz, Daşkəsən və digər istiqamətlərdə olan mövqelərimizi atəşə tutur.

Ötən həftəsonu növbəti belə atəşkəs pozuntusu üç hərbçimizin yaralanması ilə yadda qaldı. Xoşbəxtlikdən onlar ciddi yara almayıblar və ilkin tibbi yardımdan sonra özlərini yaxşı hiss ediblər.

Elə həmin gün müdafiə naziri Zakir Həsənov xidməti müşavirə keçirərək ordu komandirlərinə təxribatların qarşısının qətiyyətlə alınması barədə göstəriş verdi.

Lakin məsələnin mahiyyəti budur ki, erməni tərəfi quduzlaşmış formada sərhəddə münaqişə yaratmağa çalışır. Ümumiyyətlə, Ermənistanın sərhəddə toqquşmalara səbəb olması sülh və insanlıq əleyhinə cinayət hesab edilməlidir. Çünki Bakı barış əli uzadır, sülh sazişini bağlamaq üçün 5 bəndlik təklif göndərir, Brüssel və Moskva platformalarında danışıqlara sadiqdir, amma Ermənistan Vaşinqton və Parisdən çalınan havaya oynayır. Bəli, məlum olur ki, “mahnı sifarişi” bu dəfə Qərbdən gəlir və onlar Cənubi Qafqazda toqquşmaların olması ilə başı Ukrayna müharibəsinə qarışmış Rusiya üçün yeni cəbhə açmağa çalışırlar. Bundan başqa, Ermənistan sülh müqaviləsinin imzalanmasını, Zəngəzur dəhlizinin açılmasını yubatmağa, vaxt udmağa çalışır. Ona görə düşmən sülh və insanlıq, eləcə də bölgədə qalıcı əmin-amanlıq əleyhinə siyasət aparır. Bəs bu sərhəd münaqişələri necə nəticələnəcək? Bakı İrəvanı sülhə məcburetmə əməliyyatını həyata keçirəcəkmi? Paşinyan bu təxribatlarla nəyə nail olacaq?

Zaur Məmmədov: Azərbaycan bütün məsələlərdə hər zaman Türkiyənin yanındadır  - AZƏRTAC

Zaur Məmmədov

Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədovun sözlərinə görə, Paşinyanın BMT-də çıxışı və Blinkenlə görüşləri onu deməyə əsas verir ki, o, yeni müharibənin başladılmasını və ardınca Rusiyanın Ermənistandan çıxarılmasını hədəfləyir. Siyasi ekspert hesab edir ki, Paşinyan çıxışında bütövlükdə Azərbaycanı dünya qarşısında aqressor kimi qələmə verib: “Çıxışı zamanı Paşinyan Azərbaycanı Ermənistan ərazisini işğal etməkdə günahlandıraraq Bakının sülhü hədəfləmədiyini qeyd edib. ABŞ və Qərbin xoşuna gəlmək üçün o, son hadisələri Azərbaycanın Ermənistandakı demokratik suveren dövlət quruculuğunu boğmaq cəhdi kimi dəyərləndirib. Eyni zamanda bu fonda Rusiyanı fəaliyyətsizlikdə ittiham edib. Bu azmış kimi, Nikol sərhəddə monitorinqin aparılması üçün beynəlxalq müşahidəçilərin cəlb edilməsinin vacibliyinə toxunub. Paşinyan üçtərəfli bəyanatda Zəngəzura məhz dəhliz statusunun verilməsi ilə bağlı ifadənin olmamasını da bəyan edib. Paşinyanın Nyu Yorkdakı çıxışı müharibə riskini artıran çıxış kimi yadda qaldı. Ermənistan demarkasiya və dəhliz məsələsində nəticəyə hazır olmadığını sübut etmiş oldu. Halbuki müxtəlif mənbələrin məlumatına görə, 9 noyabr tarixində yazılı şəkildə üçtərəfli bəyanat kimi öhdəlikdən başqa Paşinyanın Putinə verdiyi "kişi sözü" də var. Həmin şifahi razılaşmaya görə daxili auditoriyanı çaşdırmaq üçün bəyanatda “maneəsiz” ifadəsi yer almışdı və anklavlar məsələsi ikinci versiyada sənəddən çıxarılmışdı". Z. Məmmədov bildirir ki, Paşinyan anklavlar da daxil olmaqla, tez bir zamanda demarkasiyaya gedəcəyinə və koridor statusunda Zəngəzur xəttini açacağına söz vermişdi: “Ermənistan ərazisində Rusiya faktorunu minimallaşdırmaq və ABŞ-ın Qafqazdakı əsas dayaq nöqtəsi olmasını hədəfləyir. Paşinyan verdiyi vədlərə əməl edilməməsinin həm Azərbaycan, həm də Rusiya tərəfindən cəzalandırılması riskini də çox yaxşı bilir. Beləcə, Ermənistan Azərbaycanın Naxçıvana və Göyçə gölünə qədər hərbi əməliyyatlar keçirməsinə zəmin və şərait yaradır”.

Asif Nərimanlı:

Asif Nərimanlı

Siyasi icmalçı Asif Nərimanlının fikrincə, Paşinyan yeni hücumun anonsunu verir: “Paşinyan BMT Baş Assambleyasında çıxışı zamanı iddia edib ki, "Azərbaycandan yeni təcavüz təhlükəsi var". Bu, Şərq İqtisadi Forumunda etdiyi “alibi qazanmaq” gedişinin təkrarıdır. Erməni baş nazir Vladivostokda iddia etdi ki, “Azərbaycan Ukrayna müharibəsindən istifadə edərək, hücum edəcək”. Ardınca 12 sentyabr təxribatı ilə Azərbaycanı “hücum edən” tərəf kimi göstərmək və bölgədəki sülh gündəliyini arxa plana keçirmək ssenarisini oynadılar.

İndi BMT tribunasından Azərbaycanın “yeni hücumu” haqda xəbərdarlıq edir, paralel olaraq, sərhəddə erməni diversiya qrupunun sızma təxribatı da daxil olmaqla, hücumlar intensivləşir".

Onun sözlərinə görə, bu təxribatların məhz indi - Paşinyanın Nyu-Yorkda olduğu vaxt intensivləşməsi də “mən ölkədə olmadığım vaxt Azərbaycan hücum etdi” rəyinin dünyaya sırınmasına hesablanıb. Ekspert təxribatların daha da şiddətlənəcəyini istisna etmir: “Ermənistan Azərbaycanı beynəlxalq ictimaiyyətdə "təcavüzkar" kimi təqdim etmək və üçtərəfli razılaşmaların icrasını arxa plana keçirmək ssenarisini davam etdirir" .

Digər Xəbərlər
Xəbər Lenti