Şəhidin adı verilən, heç kimin yaxın durmadığı sahibsiz stadion - FOTOLAR

28 İyun 2022 20:00 Problem 890
Şəhidin adı verilən, heç kimin yaxın durmadığı sahibsiz stadion - FOTOLAR

Şəkillərdə gördüyünüz taxıl sahəsi deyil.

Bura Musaküçə kənd sakinlərinin uzun illərdir stadion adlandırdığı, lakin stadiondan başqa hər şeyə bənzədə biləcəyiniz ərazidir.

Masallının 3 kilometrliyində yerləşən tanınmış kəndin gəncləri vaxtilə burada peşəkar futbolçu olmağın xəyallarını quraraq top dalınca qaçıb.

“Xəzər Lənkəran”ın ev oyunlarından qayıdandan sonra həmin gənclərdən biri Kamran Ağayev olub qapıda dayanıb, bir başqası özünü Rahid Əmirquliyev hiss edərək topa zərbələr endirib.

Həmin vaxt “ayaq üstə dayanan” qapılar indi kənd camaatının stadion arzusu kimi yerə çırpılıb. Dəmirləri pas basıb, torları sökülüb məhəccərlərin üstünə atılıb. Sahəni isə baxımsızlıqdan ot-alaq basıb.

Musaküçə kişilərinin arzusu ərazinin stadion halına gətirilməsidir. Bunun üçün dünyanın puluna gərək yoxdur. 1-2 günlük “Qreyder” (traktor) lazımdır, 15-20 “Kamaz” torpaq, hasar və gübrə. Vəssalam.

Di gəl, heç kim hələ sovetlər dönəmində Respublikaya 7 nəfər Sosialist Əməyi Qəhrəmanı bəxş etmiş, titullu idmançılar yetişdirmiş, dəfələrlə rayon çempionu olmuş, ən əsası, həm birinci, həm də ikinci Qarabağ müharibəsində şəhid və qaziləri ilə vətənə xidmət etmiş Musaküçəyə yaxın durmaq istəmir.

Kənd sakinlərinin əsas istəyi stadionun varlığını hiss etməklə yanaşı, Qarabağ müharibəsində xüsusi qəhrəmanlıq göstərərək şəhid olmuş Coşqun Rəhimovun adını əbədiləşdirməkdir. Stadion yoxdur, amma ona Rəhimovun adını veriblər.

Bütün bunlarla bağlı 150-dən artıq şəxsin imzası ilə AFFA prezidenti Rövnəq Abdullayevə xahiş məktubu göndərilsə də, assosiasiya müraciəti qulaq ardına vurub. Daha doğrusu, qurumdan yolaverdi zəng edilib.

Bir sözlə, məktub nəticəsiz, kənd futbolsuz qalıb.

Regionlarda futbolun inkişafına dair ayrılan vəsaitin kimlərin cibinə və hansı yolla axdığını uşaqdan-böyüyə hər kəs bilir. Yeyin, onsuz da əlinizdən ən yaxşı gələn budur.

Heç olmasa, 5-ni yeyəndə, 1-ni də balasını gələcəkdə futbolçu kimi görmək istəyən, uşağını narkomaniyaya qurşanmaq təhlükəsindən uzaq tutmağa çalışan kəndli üçün edin.

Edə bilmirsinizsə, öncə Musaküçədə yaşayanların kənd stadionu dediyi yerin şəkillərinə baxın, sonra da vicdanınızdan gələn səsi dinləyin. Səs gəlirsə...

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu