“Xan Lənkəran”ın sahibi: “Allah bu imkanı mənə yetiribsə, niyə vətənim üçün iş görməyim?”

16 May 2022 21:00 Problem 968
“Xan Lənkəran”ın sahibi: “Allah bu imkanı mənə yetiribsə, niyə vətənim üçün iş görməyim?”

«İstənilən klubun inkişafı üçün bir nömrəli məsələ onun infrastrukturunun olmasıdır.

Mən bunu çox yaxşı başa düşürəm».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Xan Lənkəran»ın prezidenti Pərviz Hüseynov deyib.

Ötən ilin yayında yaratdığı klubla ölkənin futbol həyatına yeni nəfəs gətirməyi qarşısına məqsəd qoyan iş adamı ictimaiyyəti sevindirəcək xəbəri bu cür açıqlayıb:

«AFFA Premyer Liqada çıxış etmək istəyən klubların qarşısına qoyduğu lisenziyalaşdırma tələbləri var. Bunlar əsasən 4 meyardan ibarətdir.

Biz Region Liqasında mübarizə aparan bir klub olaraq indidən həmin şərtləri yerinə yetirməyə hazırıq. Klubun maliyyə mənbəyini göstərə, bank zəmanəti təqdim edə bilərik.

Kadr-inzibati məsələ də həll olunandır. Biz, ümumiyyətlə, Azərbaycan futbolunun inkişafı naminə AFFA-ya kömək etməyə hazırıq.

Bu klubun rəhbəri olaraq yalnız «Xan Lənkəran»ı düşünə bilərdim, ancaq fikirləşirəm ki, əlimdən gəlirsə, qoy başqalarına da dəstək verim.

Bu, mənim içimdən gəlir, xasiyyətim belədir. Bir neçə ay əvvəl eşitdim ki, Qobustanda stadion problemi var, rayonun komandası məşq eləmək üçün Salyana gedib-gəlir.

Televiziyada həmin süjeti gördüm və şirkətlərimə tapşırdım ki, «Qobustan»ın stadion problemini həll edin. İndi orada iş gedir və bilirəm ki, Qobustan camaatı buna necə sevinir.

Tezliklə Beyləqanda da eyni iş görməyə başlayacağıq. Bilirəm ki, «Fuzuli»nin də stadionla bağlı problemi ciddidir.

Onlar ev oyunlarını Horadiz Olimpiya Kompleksində qəbul edirdi, indi ora da yararsız vəziyyətə düşüb. Mən onlara öz köməkliyimi təklif eləmişəm.

Allah bu imkanı mənə yetiribsə, niyə vətənim üçün iş görməyim? Mən də bu torpağın oğluyam, dövlətimizin siyasətini dəstəkləyən insanam.

Bir gənc kimi həmyaşıdlarımın, uşaq və yeniyetmələrin sağlam mühitdə böyüməsini, idmana həvəs göstərməsini istəyirəm. Nə qədər çox uşaq idmana gəlsə, pis vərdişlərə qurşananların sayı bir o qədər azalacaq.

Hər dəfə balaca uşaqların necə böyük həvəslə futbola gəldiyini, məşq elədiyini gördükcə, sanki dünyanı mənə verirlər, daxilən o qədər sevinirəm ki…».

Digər Xəbərlər
Xəbər Lenti