Başlamalı yerdə bitən Azərbaycan futbolunun gələcəyi - VİDEO

28 Yanvar 2022 16:00 Problem 915
Başlamalı yerdə bitən Azərbaycan futbolunun gələcəyi - VİDEO

Azərbaycanda futbolun inkişaf etməsi, yeni-yeni istedadların üzə çıxması üçün küçə futbolunun olması vacibdir.

Uzaq Afrikada belə bu, var.

Ölkəmizdə az-çox müəyyən səviyyəyə qalxmış, ölkə çapında adından söz etdirmiş futbol veteranlarımızı danışdıranda da bu məqama xüsusi diqqət çəkirlər.

Vacibliyini xüsusi vurğulayırlar. Çünki özləri də həmin yolu nə vaxtsa keçiblər. İnkişaflarında, uğur qazanmalarında küçə futbolunun əvəzsiz rolu olub.

Elə götürək futbolumuzun əfsanələrindən sayılan Ələkbər Məmmədovu. Dövrünün əksər futbolçuları kimi, o da bu sahənin sirlərini küçə futbolundan öyrənmişdi.

Sonradan isə Məmmədov "San Siro"da "Milan"nın qapısına 4 qol vurmağı bacaracaq səviyyəyə kimi yüksəlmişdi. Bəs indi niyə həmin Ələkbər Məmmədovlardan görə bilmirik? İstedadlar bitib, yoxsa şərait yoxdur?

Məncə, istedadlar hər zaman var və olacaq. Sadəcə şərtlər o şərtlər deyil. İllər əvvəl hər məhəllədə, hər küçədə iki daşdan qapı düzəldib futbol oynayan uşaqlara rast gəlmək mümkün idi.

Bəs indi bu sahədə vəziyyət necədir? Küçə futboluna əvvəlki maraq, diqqət qalıbmı? Təbii ki, cavab birmənalı olaraq "yox" olacaq.

Küçə futbolundakı durğunluğun səbəbləri müxtəlifdir. Uşaqlarda əvvəllki maraq yoxdur, asudə vaxtlarını keçirməyə müxtəlif geniş internet resusları var və.s, və.i.

Ancaq ən böyük problem, maneə böyük şəhərlərimizdə uşaqlarımızın yaşadığı süni maneələrdir. Ya məhəllələrdə oynamağa boş meydan tapmırlar, ya həmin meydanlar ödənişli əsaslarla fəaliyyət göstərir, ya da həyatı təhlükə yaradacaq səviyyədədir.

Məsələn, indi sizə göstərəcəyim meydança kimi. Videodakı futbol stadionu Sumqayıt şəhərində çəkilib. Meydança 34-cü məhəllənin həyətində yerləşir. Əgər buna futbol meydançası demək olarsa.

Dörd tərəfi hasarlanmış sahə normalda süni örtüklə təmin olunmalıdır. Amma bunu unudan cavabdeh şəxslər körpə uşaqları asfalt üzərində futbol oynamağa məhkum ediblər. Bu isə həmin uşaqların həyatları üçün real təhlükədir. Onlar da bunu fərqinə vararaq ehtiyatla davranmağa çalışırlar. Amma nə vaxta kimi?

Çoxmu çətindir, kiçik sahəsi olan bu yerə yaşıl örtük çəkmək? Azərbaycan futbolunun gələcəyi olacaq istedadlar bu meydanlarda oynamalı, böyüməli, inkişaf etməlidir. Amma məsuliyyətsiz şəxslərin sayəsində həmin istedadlar burada da bitir, tükənir, məhvə sürüklənirlər.

Ümid edək ki, sözümüz, sualımız lazımı orqanlara çatacaq və bu kimi problemlər öz həllini tapacaq. Körpə balalarımızın gələcəyinə xatir...

XANOĞLAN İMANOV

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə hazırlanıb. Əyalətdə futbolumuz və sağlam cəmiyyət naminə fəaliyyət göstərən akademiya

Digər Xəbərlər
Xəbər Lenti