Azərbaycanda koronavirusla bağlı QORXUNC PROQNOZ: Üç həftəyə "qırğın" olacaq

20 Yanvar 2022 22:50 Problem 703
Azərbaycanda koronavirusla bağlı QORXUNC PROQNOZ: Üç həftəyə "qırğın" olacaq

Azərbaycanda koronavirus infeksiyasına 1151 yeni yoluxma faktı qeydə alınıb, analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

Ölüm sayı kəskin artmasa da, yoluxmalarda sürətli artım diqqət çəkir.

“Başa düşün ki, çox qalmayıb, iki, maksimum üç həftəyə Azərbaycanda da qırğın günlər başlayacaq". Bunu tanınmış həkim Vasif İsmayıl deyib. "Nəyə görə söyləyirik? Ovcumuzun içini iyləməmişik... Əgər "Omikron" Azərbaycana gəlibsə... Digər ölkələrdə, məsələn, Amerikada gündəlik yoluxma sayı milyon yarıma qalxmışdı. Biz amerikalıdan daha ağıllı və sağlam deyilik ki. Bizim də başımıza eynisi gələ bilər. Ona görə də daha diqqətli olmaq lazımdır" - V.İsmayıl qeyd edib.

Baş infeksionist Təyyar Eyvazov isə mediaya açıqlamasında son günlər yoluxmanın artması səbəbinə belə aydınlıq gətirib: “Bunun əsas səbəbi artıq Avropanın bir hissəsində yayılan və hazırda ölkəmizdə olan "Omikron" ştammının mövcudluğudur”.

Baş infeksonist COVID-19-a yoluxma sayının artmasının kütləvi immunitet yaratması ilə bağlı məsələyə aydınlıq gətirib. Bildirib ki, xəstəliyə yoluxub sağalanlarda təbii immunitet formalaşır.

"Koronavirusa yoluxma belə dinamika ilə davam edərsə, bununla bağlı müvafiq addımlar atıla bilər" ,- deyə Təyyar Eyvazov əlavə edib.

“Yeni Müsavat”a açıqlama verən həkim-infeksionist Nicat Əzimli qeyd edib ki, koronavirusa yoluxma saylarının artması ehtimalının nə qədər real olduğu “Omikron” variantının aşkarlandığı ilk günlərdən məlum idi: “Bu variantın yüksək yoluxuculuq xüsusiyyəti artıq hamıya məlumdur və digər ölkələrdə, xüsusilə test sayı yüksək olan Avropa və ABŞ-dakı durum bizə statistik olaraq göstərir ki, son pandemiya dövründə misli görülməmiş bir gedişat bizi gözləyir. Azərbaycanda da aparılan test sayı kifayət qədər olsa, bir neçə gün sonra əsl real vəziyyəti, 5 rəqəmli ədədləri belə görə bilərik. Təbii ki, ölüm saylarında da müvafiq olaraq artım olacaq. Lakin, “Omikron”un ağırlaşma ehtimalının öncəki dominant variant olan “Delta” variantı ilə müqayisədə dəfələrlə aşağı olduğunu nəzərə alsaq, çox da təşvişə düşməyə gərək yoxdur. Təbii ki, burada yanaşı xəstəliyi olan, immunsupressiv və yaşlı insanları diqqətdə saxlamaq, müalicədə səhlənkarlığa yol vermək də olmaz. Nəzərə almaq lazımdır ki, COVİD-19 xəstəliyi ilk günlərdə özünü yüngül xarakterli göstərə bilər. Gedişatda isə günlər keçdikcə vəziyyət mənfi istiqamətdə dəyişilə bilir. Burada önəmli məqam diaqnozun erkən qoyulması, xəstənin hazırkı vəziyyətinin və xəstəliyin proqnozunun müəyyən edilməsindən sonra uyğun müalicənin aparılmasıdır”.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mütəxəssisi Könül İsmayılova da mövzu ilə bağlı Musava.com-a fikirlərini açıqlayıb: “Hazırda dünya statistikasında rəqəmlər arasında artımın müşahidə olunmasında bir sıra dünya ölkələrində “Omikron” ştamının çox böyük sürətlə yayılmasının da böyük rolu vardır: “ÜST növbəti aylarda COVİD-19-la xəstələnmə halları arasında daha çox “Omikron” ştamının üstünlük təşkil edəcəyini proqnozlaşdırır. Yoluxma hallarının artmaması ilə bağlı qabaqlayıcı tədbirlər təbii ki, davam etdirilməlidir. Bir sıra ölkələrdə karantin tədbirləri sərtləşdirilib, bizim ölkəmizdə hazırda buster dozanın tətbiqi davam etdirilir. Bununla yanaşı digər sadə gigiyenik tədbirlərə riayət olunması, qapalı məkanlarda maska istifadəsi, məsafə saxlamaq kimi tədbirlərə düzgün şəkildə əməl etmək yetərlidir”.

Digər Xəbərlər
Xəbər Lenti