Bu gün futbol ictimaiyyəti “The Ritz Carlton” otelinin “Şuşa” zalında bir araya gəlmişdi.
Peşəkar Futbol Liqası və AFFA-nın rəhbər şəxsləri, klub rəsmiləri, media nümayəndələri və “Avrora Qrup” şirkətinin aparıcı əməkdaşları.
Bəli, “Avrora Qrup” bu gündən etibarən Azərbaycan futbolunun bir parçası hesab olunacaq. Buna səbəb ölkədə kifayət qədər tanınan şirkətin Azərbaycan kubokuna sponsorluq etməklə bağlı PFL-lə tərəfdaşlıq etməyə həvəs göstərməsidir.
2 il əvvəl ağır avtomobil qəzasından möcüzə nəticəsində sağ çıxan futbol qurumunun prezidenti Elxan Səmədov, onunla eyni avtomobildə yer almış vitse-prezident Aslan Şahgəldiyev əllərindəki əsaların köməkliyi sayəsində tədbirə təşrif buyurmuşdu
. PFL-in media və marketinq direktoru Sənan Abdullayev isə qonaqların qarşısında çıxış edən sima qismindəydi.
“Avrora Qrup”un rəhbəri Ceyhun Abbasov, baş icraçı direktor İlham Manufov, həmçinin şirkətin 10-larla işçisi xüsusi gündə zaldakı yerini tutmuşdu.
Bir saatdan çox zamanı əhatə edən tədbirdə məlum oldu ki, Azərbaycan kuboku adına bundan sonra xüsusən gənclərin sevimli içkisi olan “Bizon” adı əlavə olunacaq – “Bizon Azərbaycan Kuboku”.
“Avropa Qrup”un məhsulu olan “Bizon” brendi Azərbaycan kubokunun rəsmi titul sponsoru olacaq.
Tərəflər arasındakı müqavilə şərti cari mövsüm üçün nəzərdə tutulub. Əməkdaşlıq hər iki tərəfə fayda versə, gələn ilin yayında müddət yenidən uzadıla bilər.
Yeri gəlmişkən, sponsor şirkətin rəhbəri Ceyhun Abbasov çıxışı zamanı həvəskar futbolçu olduğunu bildirərək, PFL-in prezidenti Elxan Səmədovla yaşıl meydanlarda qarşılaşdığını, tərəfdaşlıq müqaviləsinin əsas səbəblərindən birinin şəxsi tanışlıq olduğunu diqqətə çatdırdı.
Brifinqdə iştirak edən qurum rəsmilərindən heç biri sponsorluq müqaviləsinin maddi tərəfi barədə danışmaq istəmədi.
Yalnız bu məlum oldu ki, məlum tərəfdaşlığın imzalanmasından sonra Azərbaycan kubokunun daha geniş formada işıqlandırılması üçün mətbuata müəyyən mənada dəstək veriləcək.
HƏBİB / SPORTİNFO.AZ

