İtaliya futbolunu yaxından izləyənlər Nikola Ninkoviç ad-soyadını yaxşı xatırlayır.
“Partizan”da yetişən, əsas komandanın kapitan sarğısını daşıyan, 2016-2021-ci illər aralığında İtaliyada “Cenoa”, “Kyevo”, “Empoli”, “Askoli” kimi komandaların şərəfini qoruyan təcrübəli yarımmüdafiəçi bu ilin yayından “Sumqayıt”ın formasını geyinir.
Çempionatın başlamasından xeyli vaxt keçsə də, 30 yaşlı futbolçu hələ də ehtiyat oyunçu statusunu daşıyır.
Komandasının “Zirə”yə 0:1 hesabı ilə məğlub olduğu görüşdən sonra Nikola Sportinfo.az-a verdiyi müsahibədə bir sıra sualları cavablandırıb.
- Nə gözləyirdiniz, nə baş verdi?
- Oyuna çox yaxşı hazırlaşmışdıq. Xüsusən taktiki tapşırıqları önəmli yer ayırmışdıq. Məqsədimiz təbii ki, qələbə qazanmaq idi. Heç-heçə də pis nəticə sayılmayacaqdı. “Zirə” qol vurana qədər üstünlüyü ələ ala bilmirdik. Hesabda geri düşəndən sonra öz oyunumuzu göstərib rəqibi bizimlə hesablaşmağa məcbur edə bildik. Təəssüf ki, lazım olan qolu və qolları vura bilmədik. Məğlub olsaq da, pis oynadığımızı düşünmürəm. Xüsusən ikinci yarıda daha hərəkətli və təhlükəli təsir bağışladıq.
- “Zirə” qələbəni haqq edir?
- Belə deyim, “Zirə” ilk hissəni əla keçirdi. Qol vurdu, qol imkanları yaratdı. İkinci yarını bizim aktivimizə yazmaq olar. Rəqib qalib gəlibsə, hörmət və təbrik etməliyik.
- “Sumqayıt”da sabitlik yoxdur. Bu, nə ilə bağlıdır?
- Bu, bizimlə yox, çempionatla bağlıdır. Azərbaycanda ilk ilimdir, lakin Premyer Liqanın ağır olduğunu deməliyəm. Birinci sırada olan “Qarabağ”a, yaxud sonuncu yerdə olan “Kəpəz”ə qarşı oynamaq heç də asan deyil. “Zirə”, “Neftçi”, “Sabah”, “Araz-Naxçıvan”, “Turan Tovuz” kimi rəqiblər var. Bu cür mübarizədə hər cür nəticə gözləniləndir. Hər oyunu qalib başa vurmaq mümkün deyil. Hətta heyətinə görə bizdən güclü komandalar da xallar itirir. Bu çempionatda yalnız “Qarabağ” 3-4 matçda ardıcıl qələbələr qazana bilər.
- Bu cür mübarizə şəraitində “Sumqayıt”ın əlində avrokuboklara vəsiqəni təsəvvür edə bilirsən?
- Həyatda mümkünsüz heç nə yoxdur. Bu gün komandada olan futbolçulardan heç biri bura vaxt keçirmək üçün gəlməyib. Hər birinin gələcəklə bağlı xoş arzusu, planı var. Biri var məqsəd, biri də var reallıq. Reallıqda nəyin baş verəcəyini yekunda görəcəyik. İndiki məqamda məqsədimizin arxasınca gedirik. İndi oturub may ayını düşünsək, heç nəyə nail ola bilmərik. Ona görə də hər qarşıdan gələni oyuna hazırlaşırıq.
-“Sumqayıt”dakı ilk dönəmlərdə fiziki durumun qaydasında deyildi deyə, əsas heyətdə yer almırdın. Üstündən 3 ay keçib, hələ də ehtiyatda qalırsan. Bu, nə ilə bağlıdır?
- Təəssüf ki, bu gün də 100 faiz hazır deyiləm. Çünki bura gələndə sıfırda idim. Hər ötən həftə artırıram, vəziyyətimi yaxşılaşdırmağa çalışıram. Onu deyə bilərəm ki, hazırkı durumun 3 ay əvvəlkindən qat-qat yaxşıdır. Məşqlərdə daha çox çalışıram ki, “Sumqayıt”a fayda verim. Qarşıda bizi çox oyunlar gözləyir. Yəqin ki, “11-lik”də yer aldığım matçlar olacaq. Bunun üçün çox işləyirəm.
HƏBİB

