“Qarabağ”ın Premyer Liqadakı qələbə seriyası qırıldı.
Sonuncu dəfə 3-cü turda “Zirə” ilə bərabərə qalan (1:1) ağdamlılar ardıcıl 4 oyun sıralanan qələbələrdən sonra “Şamaxı”da “ilişdi”.
Oktyabrın 22-də Bilbaoda “Atletik”ə 1:3 hesabı ilə uduzan ağdamlılar 90 dəqiqə ərazi üstünlüyünə sahib olub qol imkanları yaratsa da, bölgə təmsilçisinin qapısına qol vura bilmədi.
Oyundan sonra “Qarabağ”ın futbolçuları olduqca üzgün görünürdü. Hətta bir neçəsi mətbuata açıqlama verməkdən boyun qaçırdı.
Mərakeşli müdafiəçi Sami Mmaee isə matçla bağlı fikirlərini Sportinfo.az-a söyləməkdən imtina etmədi:
“Belə komandalara qarşı oynamaq çox çətindir. Böyük qüvvə ilə müdafiə olunur və bunu yaxşı bacarırlar.
Özünüz də gördünüz ki, 90 dəqiqə hücum etdik, qol vurmaq üçün imkanlar yaxaladıq. Lakin top heç bir halda qapıdan keçmədi.
Bəzən topun qapıya daxil olması üçün uyğun yol tapa bilirik, bəzən isə alınmır.
Komanda olaraq çox yaxşı oynadığımızı deyə bilərəm. “Şamaxı”ya demək olar qol imkanı vermədik. Dediyim kimi, sadəcə qol vura bilmədik”.
9-cu tura lider qismində başlayan “Qarabağ” bu matçdakı xal itkisindən sonra birinci pilləni yenidən “Turan Tovuz”a verib.
Hazırda tovuzlular 18 xalla liderdir, 1 oyun az keçirən ağdamlılar 17 xalla 2-ci yerdə qərarlaşıb.
HƏBİB

