Azərbaycan futboluna yeni gələn sponsorla “Qarabağ”ı nə bağlayır?

16:20 Hadisə 1 139
Azərbaycan futboluna yeni gələn sponsorla “Qarabağ”ı nə bağlayır?

Peşəkar Futbol Liqası (PFL) bu gün “Bizon” şirkəti ilə sponsorluq müqaviləsi imzalayıb.

Sportinfo.az xəbər verir ki, tədbirdən sonra “Avrora Qrup”un prezidenti Ceyhun Abbasovun jurnalistlər üçün brifinqi keçirilib:

– Öncə müqavilə ilə bağlı fikirlərinizi bölüşərdiz…

– Bu gün futbol ictimaiyyətində bizim üçün çox önəmli, mühüm bir sənədə imza atdıq. PFL-lə “Avrora Qrup” arasında sponsorluq müqaviləsi imzalandı və bundan sonra Azərbaycan kuboku “Bizon” kuboku adlancaq. Şəxsən bizim, “Avrora” ailəsi üçün çox dəyərlidir. Buna görə, çalışacağıq ki, PFL-lə birgə bu missiyanı layiqincə həyata keçirək.

– Niyə bir mövsümlük imzalamısız, daha uzunmüddətli imzalamaq olmazdı?

– Qarşı tərəfi sınamaq istədik, həmçinin onlar da bizi. Hansı tərəfdən baxsan, bu, biznesdir. Bu müqavilənin bizim biznesə, marka dəyərinə gətirəcək dəyərdən söhbət gedir. Mən və komandam da düşünür ki, bu, uzunömürlü olacaq. Qarşılıqlı münasibətlərimiz bu prosesləri daha yuxarılara aparacaq və Azərbaycan futboluna, idmanına öz töhfəmizi verəcəyik. Bilirsiz ki, futbol idmanın şahıdır və Azərbaycanda da buna çox böyük maraq var. Xüsusən də, doğma “Qarabağ”ımızın son illərdə ortaya qoyduğu performans futbola marağı daha da artırır. Biz də bunun şahidiyik. Eyni zamanda, biz də öz markamıza inanırıq. Yerli brendimiz, sərvətimizdir. On ilin brendidir. Artıq bu sirr deyil, dünyanın 10-a yaxın ölkəsinə bu məhsul ixrac olunur. Bir Azərbaycan məhsulu, brendi kimi öz sözünü deyir.

– Son illər sponsorlar, bir çox şirkətlər Azərbaycan futbolundan yan qaçır. Maraqlıdır, PFL sizi necə razı saldı?

– İdmana olan marağımız, dəstəyimiz qaçılmazdır. Hazırda bir neçə kluba dəstəyimizi veririk. “Zirə”dir, “Sabah”ın alt qruplarına dəstək oluruq. Doğma “Araz”ımıza kömək edirik, sponsor kimi dəstək oluruq. PFL-dən də belə bir təklif gəldi və düşünürəm ki, biz də onu layiqincə dəyərləndirmişik.

– Deyə bilərsiz nə qədər maliyyə ayrılacaq?

– Xeyr (gülür).

– Yayda hansı klubun kuboku qaldırmasını istəyərdiz?

– Finalda doğma “Qarabağ”ımızı görmək istərdim.

– Bəs digəri?

– Sirr qalsın.

– “Bizon” ölkə kubokunda PFL-ə maliyyə cəhətdən dəstək göstərəcək. Maraqlıdır, PFL-in bu yöndə sizdə dəstəyi nə olacaq?

– Daha çox reklam nəzərdə tutulub.

– Bəs o reklamın nə dərəcədə səmərəli olması üçün hansısa ölçü mexanizmi var? Necə biləcəksiz nə dərəcədə səmərəli oldu o reklam lövhələri?

– Ümumiyyətlə, bir söz deyim, bu reklam elə bir şeydir ki, iki vur iki, dörd deyil. Yəni, bunu həmin dəqiqə ölçmək çətindir. Zaman-zaman reklam, marketinq dəstəyi özünü göstərəcək. Ancaq biz “Avrora”nın marketinq qrupu olaraq oturub düşündük ki, bu yola çıxsaq, PFL-lə birgə çalışsaq, uğurlu olarıq.

– Həvəskar futbolçu olduğunuzu dediz, yəqin ki, oynayırsız da. PFL-in prezidenti Elxan Səmədov da əvvəllər oynayırdı. Daha əvvəl yaşıl meydanlarda qarşılaşmısız?

– Özüm həvəskar futbolçuyam, artıq 45 ildir ki, oynayıram. Futbola böyük marağım var. “Avrora Qrup”un daxilində hazırda 36 komanda fəaliyyət göstərir. İlboyu oynayırıq, özüm də bir komandanın üzvüyəm. Elxan müəllimlə çox yaxşı münasibətlərimiz var futbol sahəsində. Bugünkü müqavilənin kökündə məhz bu münasibətlər dayanır.

Tərəflər arasındakı anlaşmaya əsasən, Azərbaycan kuboku 2025/26 mövsümündən etibarən “Bizon” Azərbaycan kuboku adlandırılacaq.

Digər Xəbərlər
Xəbər Lenti