“Mənimlə xoş davranırlar” - Çempionatda ilk oyuna çıxdı, “gərginlik yoxdur” dedi

27 Oktyabr 20:40 Müsahibə 178
“Mənimlə xoş davranırlar” - Çempionatda ilk oyuna çıxdı, “gərginlik yoxdur” dedi

“Zirə”nin və Azərbaycan millisinin qapıçısı Aydın Bayramov Sportinfo.az-a müsahibə verib.

30 yaşlı kiper komandasının “Sumqayıt” üzərində qazandığı 1:0 hesablı çətin qələbədən sonra sualları cavablandırıb.

- Bu cür çətin qələbə qazanacağınızı təsəvvür edirdin?

- “Sabah”a ağır məğlubiyyətdən sonra toparlanıb bu oyunda qələbə qazanmaq istəyirdik. O cür yenilgilərdən sonra məşq etmək, növbəti görüşə köklənmək bir az çətin olur. Lakin kollektiv olaraq özümüzdə güc tapıb “Sumqayıt”la oyuna lazımınca hazırlaşa bildik. Hesabın necə olması önəm daşımır. Vacib olan 3 xaldır ki, buna da nail olduq.

- Sona yaxın sanki “Sumqayıt”ın bərabərlik qolunu vuracağı ilə bağlı narahatlıq yaşayırdınız. Hər halda kənardan belə görünürdü.

- Mübarizə elədir ki, kənardan bir, döyüşün içində başqa cür görünür. Düzdür, “Sumqayıt” ardıcıl hücumlar edirdi, çünki irəli xətdə fərdi ustalığı yüksək olan oyunçular var. Bilirdik ki, sona yaxın hesabı bərabərləşdirmək üçün təzyiqi artıracaq. Buna bir növ hazır idik. Nədənsə narahat olduğumuzu deməzdim. Sadəcə qələbə hesabını qorumağa çalışırdıq.

- Futbolçular keçmiş komandasına qarşı oynayanda qeyri-adi hislər yaşayır?

- “Sumqayıt”a qarşı oynamağımı nəzərdə tutursunuz yəqin (gülür). Bəlkə də ilk dəfə oynayanda nostalji hislər olur. Ancaq mən neçə ildir “Zirə”dəyəm, “Sumqayıt”a qarşı rəqib qismində bir neçə dəfə mübarizə aparmışam. Ona görə də bir növ adiləşib. Fikir verirəm, “Sumqayıt” azarkeşləri mənə qarşı xoş davranır, sağ olsunlar, hər zaman adımı səsləyirlər.

- Cari mövsümdə ilk dəfə - 9-cu turda start heyətində yer aldın. Ehtiyatda qalmaq psixoloji təsir edir?

- Qapıçı mövqeyi elədir ki, yalnız bir nəfər əsas heyətdə yer ala bilir. Və oyunun gedişində əvəzləmək imkanı demək olar ki, yoxdur. Heç bir gərginlik yoxdur. Əksinə, daha çox məşq edirdim ki, şans qazanan anda hazır vəziyyətdə olum.

- Son iki mövsümü gümüş medallarla başa vurmuşdunuz. Əsas rəqiblərinizin builki gücünü nəzərə alsaq, eyni göstəriciyə imza atmaq mümkün olacaq, yoxsa başlıca məqsəd avrokuboklara vəsiqə qazanmaqdır?

- “Zirə” hər zaman ən yüksək hədəflər üçün mübarizə aparıb. Bu, əvvəl də belə olub, bu gün də belədir. Son iki mövsümdəki nəticələrdən, avrokuboklardakı çıxışdan sonra bizdən daha artığı gözlənilir. Açığı, özümüz də daha yaxşısına ümid edirik. Lakin komanda sayının çoxaldığını, komandaların kifayət qədər gücləndiyini nəzərə alsaq, bu, heç də asan olmayacaq. Bu il həqiqətən gərgin mübarizə izləyəcəyik. Əsas məqsəd avrokuboklara vəsiqədir. Mövsümü hansı pillədə başa vuracağımızı zaman göstərəcək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi
27 Oktyabr 03:40 Şəkidə “D” aldılar
27 Oktyabr 03:10 Onlar da qazandı!
27 Oktyabr 03:00 Sevgilisi soyundu - FOTOLAR