Evdə qonaq, qəribə cərimə zərbəsi və... “oğurlanan” liderlik

17:40 Sabah 1 049
Evdə qonaq, qəribə cərimə zərbəsi və... “oğurlanan” liderlik

Son turun ən çox maraqla gözlənilən oyunu çox güman “Araz-Naxçıvan” – “Sabah” matçı idi.

Turnir cədvəlinin ilk pillələrində yer alan hər iki komanda cari mövsümdə avrokuboklara əsas iddialılardan hesab edilirlər.

Təsadüfi deyil ki, hər iki komanda cari avrokubok mövsümündə də ölkəmizi təmsil etmişdi. Beləliklə, “Bank Respublika Arena”da avrokuboklara əsas iki iddiaçı və son avrokubok mövsümünün iki iştirakçısı güclünü müəyyən edəcəkdi.

Matç Masazırda keçirilsə də, “Sabah” bu oyunda qonaq qismində idi. Belə ki, “Araz”ın ev oyunlarını keçirdiyi “Liv Bona Dea” arenası təmirə bağlandığından və Bakıda boşda olan stadion tapmaq müşkül olduğundan, Naxçıvan təmsilçisi ev oyununu həmişəki kimi Mərdəkanda yox, rəqibin evində, Masazırda keçirməli olmuşdu.

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas “qalib heyəti dəyişməzlər” devizi ilə “Zirə” matçda möhtəşəm qələbə qazanan (3:0) heyətə toxunmamışdı.

Komandada zədəlilərdən bəzisi geri dönmüşdü. Start heyətində olmasa da, Coy Lens Mikels, İqor Noqeyranın adına ehtiyat oyunçular skamyasında rast gəldik.

Xüsusilə komandanın qol silahı Mikelsin iştirak ərizəsində olması “Sabah” üçün böyük üstünlük idi.

İlk hissə qolsuz bərabərliklə başa çatdı. Oyunda vurulan hər 4 qol fasilədən sonraya təsadüf etdi.

Əvvəlcə “səhnə”yə “Sabah”ın mərkəz müdafiəçisi Stiv Solvet çıxdı. Ucaboy müdafiəçi Timoteuş Puxaçın künc zərbəsindən ötürməsini başla tora qovuşdurdu.

Lakin cəmi 4 dəqiqə sonra bu dəfə “Araz”ın mərkəz müdafiəçisi İssuf Paro kornerdən ötürülən topu dəqiq baş zərbəsi ilə qapıya göndərdi.

Ardıcıl vurulan qollardan sonra “Sabah” yenidən üstünlüyü ələ aldı. Bunun məntiqli nəticəsi kimi 72-ci dəqiqədə “bayquşlar” penalti qazandılar.

Oyundan sonra Naxçıvan təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev bu penaltini absurd adlandırsa da, futbol qaydalarında qeyri təbii vəziyyətdə olan əllə topa müdaxilə penaltidir.

Matçın baş hakimi Rəşad Əhmədov epizodu görməsə də, VAR-ın müdaxiləsindən sonra videotəkrara baxdı və “ağ nöqtə”ni göstərdi.

“Sabah”ın vuran ayağı, sonradan meydana daxil olmuş Coy Lens Mikels penaltini dəqiq yerinə yetirərək, komandasını hesabda önə çıxardı.

Bundan sonra da matç “Sabah”ın üstünlüyü ilə keçirdi. Lakin oyunda əsas hadisələr elə son dəqiqədə baş verdi. Oyunun baş hakimi matça 5 dəqiqə əlavə etdi.

Əlavə vaxt zamanı “Sabah”ın müdafiəçisi Akim Zedadka belindən zədə aldı, onun meydandan çıxması müəyyən vaxt apardığından, hakimin 5 dəqiqə ilə kifayətlənməyəcəyi aydın idi.

Matça əlavə edilmiş 9-cu dəqiqədə Mikels və Ülvi İsgəndərov arasında adi bir mübarizədə Rəşad Əhmədov “Sabah”ın qapısına cərimə zərbəsi təyin etdi.

Maraqlıdır ki, həmin epizodda topa oynayan tərəf Mikels idi, Ülvi sadəcə, ona doğru qaçarkən müvazinətini saxlaya bilməyib almaniyalı vingerə çırpılaraq yerə yıxıldı.

Bu an artıq “Sabah” meydanda azlıqda idi. Yox, Masazır təmsilçisinin heç bir üzvü qırmızı vərəqə almamışdı.

Sadəcə, Dambrauskas son dəqiqələrdə əvzetmə limitini tükətdiyindən, əlavə olunmuş vaxtda zədələnən Zedadkanı əvəzləmək mümkün olmamışdı.

Meydanda 10 nəfər qalan “Sabah” qribə cərimə zərbəsindən sonra qol buraxır və matç 2:2 hesablı bərabərliklə nəticələnir.

Matçdan sonra “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas hakimnin son dəqiqədə təyin etdiyi cərimə zərbəsini xüsusi qeyd edir.

Klub isə sosial şəbəkə hesablarında “Sumqayıt”la (1:1) və “Araz-Naxçıvan”la (2:2) oyunlarda hakim qərarlarına görə itirilən xallara işarə edərək, “-4” başlıqlı video paylaşdı.

Mərkəzi oyunlardan birinə yenə hakim “damğası” vuruldu. Hazırda bir oyunu ehtiyatda olan “Sabah”ın hesabında 15 xal var.

Klubun təbrincə desək, bu oyunlardakı hakim səhvləri olmasaydı, "Sabah" hazırda 19 xalla turnir cədvəlində birinci sırada qərarlaşmışdı. Amma sən saydığını say, gör “ədalət təmsilçilər”i nə sayır...

OSMAN

Digər Xəbərlər
Xəbər Lenti