«Qəbələ» rəhbərliyi Nicat Mehbalıyevi yenidən rayona gətirmək niyyətinə düşüb.
Birillik aradan sonra Premyer Liqaya dönmüş «qırmızı-qaralar» bu məqsədlə «Sabah»dan olan həmkarlarının qapısını döyüb.
Əyalət təmsilçi 3 il əvvəl olduğu kimi, yenə adıçəkilən qapıçını icarəyə götürmək fikrindədir.
Çünki bu, Kaxaber Sxadadzenin onlardan istəyidir. Gürcüstanlı çalışdırıcı yönətimdən qapıçı alınmasına büdcə ayrılmasını tələb edib.
O, qış fasiləsindək bu mövqeni gücləndirmək lazım gəldiyini söyləyib. 2024-cü ilin martından «qırmızı-qaralar»ın sükanı arxasında olan mütəxəssis
Səlahət Ağayevdən narazılığını dilə gətirib. Sxadadze Ağayevin Premyer Liqanın geridə qalan 9 turunda heç də etibarlı təsir bağışlamadığını bildirib.
«Qəbələ» mövsmümün bura qədər olan bölümündə qapısında 13 qol görüb. Aktivinə vur-tur 5 xal yazdıra bilmiş region təmsilçisi «Karvan»la birlikdə turnir cədvəlində 10-11-ci pillələri bölüşdürür.
Nicat Mehbalıyev «Sabah»da qapı üzünə həsrətdir. Stas Pokatilov bu ilin əvvəlindən - Azərbaycana gələndən bəri «1 nömrə»li formanı ələ keçirib, o isə ehtiyat skamyada «növbə» çəkməkdədir.
SPORTİNFO.AZ

