Vensan Abubakarın «Neftçi»də debütü uğulu alındı.
Böyük ümidlərlə paytaxt klubuna gətirilmiş hücumçu Premyer Liqanın 9-cu turunda ilk oyununa çıxdı.
Səfərdə «Qəbələ»nin qonağı olan «ağ-qaralar» kamerunlu ulduzun sayəsində 3 xal qazandı.
70-ci dəqiqədə Bassala Sambunun yerinə meydana ayaq basan 33 yaşlı qoleador az sonra İfeanyi Matyuya qol pası verdi. 81-ci dəqiqədə isə o, ilk qolunu vurdu və komandasının 2:0-lıq qələbəsini təmin etdi.
Qarşılaşmanın final fiti çalınınca, bakılı tərəfdarlar çılğına döndü. Stadionda bayram ab-havası yaradan fanatların sevincinə Abubakar da seyrçi qalmadı.
Onların olduğu tribunaya yaxınlaşan forvard 3 xalın gətirdiyi xoşbəxt anları bölüşdü.
“Neftçi” 45 nömrəli formanı verdiyi legionerlə 1+1 illik müqavilə bağlayıb.
Sonuncu klubu “Hatayspor” olan Abubakar vətənindən başqa, Fransa, Portuqaliya, Türkiyə və Səudiyyə Ərəbistanı liqalarında da çıxış edib.
O, “Portu” ilə Portuqaliya çempionatının (2018, 2020), kubokunun (2020) və Superkubokunun (2018), “Beşiktaş”la Türkiyə çempionatının (2017, 2021), kubokunun (2021, 2024) və Superkubokunun (2024) qalibi olub.
Kamerun yığmasının kapitanı burada 115 oyun keçirib, 45 qola imza atıb. 2017-ci ildə milli ilə Afrika Kubokunu başı üzərinə qaldırıb,
2022-ci ildə isə 8 qolla Afrika Millətlər Liqasının bombardiri olub. O, "Neftçi"yə azad agent kimi transfer olunub.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

