Premyer Liqa klubları İnqilab Məmmədovun əlindən boğaza yığılıb.
Az qala hər oyundan sonra təcrübəli referinin idarəçiliyindən narazılıq baş qaldırır.
İstər meydanda əsas söz sahibi kimi, istərsə də VAR-da əyləşən müşahidəçi kimi – fərqi yoxdur, adı dillər əzbəri olub bu şəxsin.
8-ci turda Qubada baş tutan “İmişli” – “Qəbələ” qarşılaşmasında topa bilərəkdən əllə toxunub rəqibi aşkar qol imkanından məhrum edən Ronaldo de Souzaya ikinci “sarı”nı ancaq və ancaq İnqilab Məmmədov verməyə bilərdi. Vermədi də.
Özü də bilirsiniz hansı formada? “Vermirəm, əcəb edirəm, gedin, nə istəyirsiniz edin” şəklindəki inamlı və arxayın duruşu ilə.
Premyer Liqanın 9-cu turunun təyinatlarında “Qara”nın adı yer almayıb. Çox güman, Qubada etdiyi səhvə görədir (səhv deməyə adamın dili də gəlmir). Komitə sədri De Blekker sərəncamındakı hakimə yüngül “qulaqburması” verib, yoxsa nədəndir, faktiki, həftəsonu sevimli fitindən uzaq düşəcək. Müvəqqətidir, düzələcək.
Turlar keçəcək, İnqilab yenə təyinat alacaq. Və yenə səhvlər sıralanacaq. Sonra da üstündən su içilib keçiləcək.
Çünki o, İnqilabdır, böyük addır, faydalı (təcrübəli) adamdır.
HƏBİB / SPORTİNFO.AZ

