«Qəbələ»nin məğlubiyyət seriyası uzana-uzana gedir.
Artıq bu siyahıda «Neftçi» də özünə yer etdi.
«Qəbələ»nin builki məqsədi Premyer Liqada qalmaqdır.
Kaxaber Sxadadze rəhbərliyinə həm vəd verib, həm söz. Deyib ki, iki dünya bir olsa da, mən komandanı yenidən I Liqaya düşməyə qoymayacam.
Mövsüm uzundur, bütün suallara gələn ilin mayında aydınlıq gələcək. Ona qədər həlli vacib bəzi məsələlər gündəlikdən çıxmalıdır.
Bunların başında yeni transfer əməliyyatları dayanır.
«Neftçi» ilə oyun «Qəbələ»yə nə(yin) lazım olduğunu bütün çılpaqlığı ilə bəlli etdi. Qapı, müdafiənin mərkəzi, bir də «10 nömrə» - heç olmasa, bu mövqelər güclənməlidir.
Birinci və üçüncü zonaya az-maz səviyyəli legionerlər alınmasa, «Qəbələ» liqada qalmaq uğrunda əsas rəqibləriylə mübarizədə bir addım geri düşəcək.
Boş quyuya su tökməklə deyil, hal-hazırda Sxadadzenin xidmətində dayanan əksər əcnəbilər və yerlilər, xüsusən də gənclər bu çempionatla ayaqlaşmır.
Təəssüf hissi ilə deməliyik ki, nisbətən Şahin Şahniyarov hardasa seçilir. Lakin digər cavanlar barədə ağızdolusu və ürəkdən danışa bilmirik.
«Qəbələ» Nicat Əliyev kimi afydalı iş əmsalı zəif və hansısa məqamda kobud səhvə yol verən gənclərdən gözləntilərini aşağı çəkməlidir.
Ayılın da, dostlar! Nə olar, bir az gözünüzü geniş açın və ətrafa boylanın, Premyer Liqanı I Liqa ilə səhv salmayın!
ELNUR

