AFFA-dan narazı klub rəhbəri: "Bizə heç nəyi sübut edə bilmədilər"

5 Dekabr 2021 19:00 Problem 928
AFFA-dan narazı klub rəhbəri: "Bizə heç nəyi sübut edə bilmədilər"

AFFA İntizam Komitəsinin ötən həftəki iclası ağır qərarların çıxarılması ilə yadda qalmışdı.

Bu mənada “Neftçi” İK İB – “Atletico Baku” matçında yaşananlar əsasında qəbul olunan qərarlar diqqət çəkmişdi.

Bir daha xatırladaq ki, komandanın icraçı direktoru Xalid Hacıyev “Atletico Baku” komandasının futbolçularının valideynlərini hakimlərə qarşı ədavətə və qəddarlığa vadar etdiyi üçün 6 aylıq yarışlardan kənarlaşdırılmış, ooyun başa çatdıqdan sonra “Atletico Baku” komandasının məşqçiləri Namiq Cəfərov və Sərraf Əhmədov hakimləri təhqir etdiyi üçün hər iki məşqçi 3 oyunluq cəzaya məruz qalmışdı.

Hər halda İntizam Komitəsinin qəbul etdiyi qərarda belə qeyd olunmuşdu.

Elə həmin vaxt ağır cəzaya layiq görülən Xalid Hacıyev Sportinfo.az-a açıqlamasında “od püskürmüşdü”. Komanda rəsmisi qərardan razı olmadığını, bunun üçün apellyasiya şikayəti etdiyini, şikayətinə müsbət cavab verilməyəcəyi halda məhkəməyə müraciət edəcəyini demişdi.

Apellyasiya Arbitraj Tribunalı Xalid bəyin ünvanladığı apellyasiya şikayətinə baxıb və məsələ ilə bağlı qərarını açıqlayıb:

1. “Atletico Baku FC” klubu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin.

2. AFFA İntizam Komitəsinin 26.11.2021-ci il tarixdə “Atletico Baku FC” klubunun məşqçiləri Namiq Cəfərov və Sərraf Əhmədov barəsində verdiyi 3 oyunluq cəza 3 oyunluq şərti cəza ilə əvəz edilsin.

2. AFFA İntizam Komitəsinin 26.11.2021-ci il tarixdə klubun icraçı direktoru Xalid Hacıyev barəsində verdiyi qərar qüvvədə saxlanılsın.

3. Qərar 30 (otuz) gün ərzində tərəflərə göndərilsin.

Göründüyü kimi, “Atletico Baku”nun apellyasiya şikayəti qismən təmin edilib ki, məşqçilərin cəzası şərti ilə əvəz olunub. Lakin icraçı direktorla bağlı qərar olduğu kimi qalıb.

Xalid Hacıyev Sportinfo.az-a növbəti açıqlamasında atacağı addım haqda danışıb:

“İclasda yalnız hakimlər içəri buraxıb, şikayətimizi qismən təmin etdilər. Lakin heç nəyi bizə sübut edə bilmədilər.

Heç bir dəlilli əsas olmadan stadionlara girişimə qoyulan 6 aylıq cəza qüvvədə saxlanıldı.

30 gündən sonra qərar bizə təqdim olunacaq, mən də öz növbəmdə rayon məhkəməsində bunun üçün mübarizəmi davam etdirəcəyəm.

Şikayətin qismən təmin edilməsi o deməkdir ki, “Atletico Baku”nun dava-dalaşla əlaqəsi yoxdur”.

Xalid bəy bu işdə günahkar olmadıqlarını, yəni zorakılıq və qəddarlıq əməllərinə yol vermədiyini bir daha söylədi. Hətta bununla bağlı videogörüntülərin olduğunu diqqətimizə çatdırdı.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti