AFFA yenə özünü biabır etdi – Bu dəfə bir Cana görə

4 Noyabr 2021 17:40 Problem 2 177
AFFA yenə özünü biabır etdi – Bu dəfə bir Cana görə

Bütün dünyada milli komanda ilə bağlı strategiya belədir: istedadlı futbolçular aşağı yaş qruplarına dəvət olunurlar, pillə-pillə bütün yaş qruplarını adlayırlar və sonda milli komandaya dəvət alırlar.

U-21 yığması isə əsas millinin xələfi, hər bir ölkənin gələcəyi hesab olunur.

Yəni U-21-ə o futbolçular dəvət olunurlar ki, əslində onları həm də əsas millinin futbolçu hesab etmək olar.

Bir addımlıq məsafədir U-21-dən əsas milliyə. “Bu strategiya bütün dünya ölkələrində belədir” yazdıq. Amma Azərbaycanda belə deyil. Yəqin ki, ya Azərbaycanın dünyaya dəxli yoxdur, ya da dünyanın Azərbaycana.

U-21 yığmamızın futbolçusu olmuş Ozan Canın qardaşı Orkun Can Türkiyə Futbol Federasiyasının saytına müsahibəsində bildirmişdi ki, qardaşı Azərbaycandan dəvət alsa da, Türkiyə millisində oynamaq perspektivini nəzərə alaraq, bundan imtina edib.

Sportinfo.az da yazmışdı ki, AFFA Azərbaycan milisinin şərəfini ayaq altına atır. Azərbaycanda futbolçu yetişdirmirlər, çeçenə, rusa, türkə möhtac qalırlar, ayrı-ayrı ölkələrdə tapdıqları futbolçuları milliləşdirib aşağı yaş qruplarına cəlb edirlər.

Onlar da sonradan ya peşəkar futbolçu olmurlar, ya da əsas milli seçimində öz ölkələrinə üstünlük verirlər. Beləcə, Azərbaycanın çəkdiyi xərc də batır, ölkənin nüfuzuna da zərbə dəyir.

Bu iradımızdan sonra AFFA guya təkzib verib. Təkzib də nə təkzib.

Üzrü günahından betər. AFFA-dan “Futbol+” qəzetinə bildirilib ki, Orkun Can yalan danışıb. Guya qurum Ozan Cana əsas millidə oynamaq üçün təklif göndərməyib.

Bəs niyə göndərilməyib? Əgər Ozan Cana əsas millidən təklif göndərməyəcəkdinizsə, onu niyə milliləşdirirdiniz? Niyə ona Azərbaycan pasportu verirdiniz?

Niyə onu U-21 yığmasına dəvət edirdiniz? Niyə ona o qədər xərc çəkirdiniz? İndi bu xərcin hesabatını kim verəcək?

Görün nə qədər sual var. Və bu sualların hər birinin cavabı araşdırılsa, AFFA-da həbsxanaya düşməyəcək kadr qalmaz.

Amma kimdir araşdıran. Bütün dünyada futbolun strategiyası bir cürdür, Azərbaycanda bir cür. Ya Azərbaycan bu dünyaya dəxli yoxdur, ya da...

Natiq Muxtarlı

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti