“Qardaşı deyib ki, imkanımız var, bizə pul lazım deyil”

1 Noyabr 2021 16:20 Problem 1 407
“Qardaşı deyib ki, imkanımız var, bizə pul lazım deyil”

“Nə olsun sürücü işləmişəm? Pis iş görməmişəm ki...

Halal pulla ailəmi dolandırmışam.

Dünyanın ilk milyarderi Con Rokfeller peraşki satıb. İndi durub deyək ki, milyarderə bax, peraşkisatan olub”.

Veteranlar İttifaqının sədri Oqtay Abdullayev bu sözləri Sportinfo.az-da Qəhrəman Əliyevə diqqətsiz davranması ilə bağlı haqqında dərc olunan yazıya münasibətdə bildirib.

Sədr bu günə qədər Massalı futbolunun sevimli siması Qəhrəman Əliyevlə bir neçə dəfə maraqlandığını, hətta AFFA tərəfindən ona maliyyə yardımı göstərilməsinə görə addım atdığını bildirib:

“Qəhrəman Əliyevlə dəfələrlə maraqlanmışam. Özü komadadır, ayılmır. Onsuz da, heç kimi tanımır.

Ona görə də xəstəxanaya yanına getməyi məqsədəuyğun hesab etməmişəm. Bir də ki, koronavirusun tüğyan etdiyi dönəmdə guya kimi palataya buraxırlar?”

Veteranlar İttifaqının sədri uzun müddətdir xəstəlikdən əziyyət çəkən Əliyevin qardaşı ilə ikili söhbətindən söz açdı. Məlum oldu ki, qarşı tərəf AFFA-nın etmək istədiyi maddi yardımı qəbul etməyib:

“Qardaşı ilə danışıram. Yaşar Seyidov Allah şahididir, AFFA-ya məktub yazdım ki, Qəhrəman Əliyevə yardım edək.

Sağ olsunlar, məktubu qəbul edib, qardaşı ilə əlaqə saxladılar. Qardaşı deyib ki, imkanımız var, bizə pul lazım deyil.

Üstündən 3-4 ay keçəndən sonra qardaşı mənə zəng etdi. Dedi, AFFA yardım etsə, yaxşı olar.

Dedim, vaxtında edirdilər, istəmədiz. İndi bu işdə mənim nə günahın var? Veteranlar İttifaqının sədri olaraq bundan artıq nə etməliydim?”

Ötən ilin noyabrında koronavirusa yoluxan təcrübəli mütəxəssis beyin insultu keçirib. Şəkər və qan təzyiqi Əliyevin durumuna mənfi təsir göstərməkdədir.

Hərəkətsizlik ucbatından bədənin müxtəlif nahiyələrində yaranmış yaralar da ona əziyyət verməkdədir. Həkimlər artıq hər şeyi möcüzəyə buraxıb. Xəstə ara-sıra gözlərini açsa da, heç kimi tanımır və heç nəyə reaksiya vermir.

1959-cu ildə Masallıda dünyaya gələn Qəhrəman Əliyev futbolçu kimi “Avtomobilçi” (Bakı), OİK (Xabarovsk), “Neftçi” (Bakı), “Gənclik” (Bakı), “Avtomobilçi” (Mingəçevir) kimi komandalarda top qovub.

Baş məşqçi qismində Azərbaycan Premyer Liqasında “Şəmkir”, “Masallı”, MOİK kimi komandaları çalışdırıb.

O, məşqçi kimi çempionatımızda qızıl, gümüş və bürünc medalların sahibidir.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti